Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində səfərdə Andorra yığması ilə qarşılaşıb.
Millimiz Enkamp şəhərində yerləşən "Estadi de la FAF" stadionunda keçirilən görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edib.
Bakı vaxtı ilə saat 22:00-da başlayan qarşılaşmada komandamız artıq 2-ci dəqiqədə Eşqin Əhmədovun qolu ilə hesabı açıb. İlk hissə millimizin minimal üstünlüyü ilə başa çatıb.
İkinci hissənin 47-ci dəqiqəsində Musa Qurbanlı fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb. Andorra yığması 55-ci dəqiqədə Rikard Fernandezin qolu ilə fərqi azaltsa da, 70-ci dəqiqədə Toral Bayramov Azərbaycan millisinin üçüncü qolunu vurub və oyunun yekun hesabını müəyyənləşdirib.
Qeyd edək ki, bu qələbə Azərbaycan millisinin Andorra üzərində tarixdəki ən böyükhesablı qələbəsidir.
Komandalar indiyədək 6 dəfə üz-üzə gəliblər. Bu görüşlərin ikisində Azərbaycan millisi qələbə qazanıb, dörd qarşılaşma isə heç-heçə ilə başa çatıb. Yığmamız rəqibi üzərində əvvəlki yeganə qələbəsini 4 iyun 2008-ci ildə keçirilən yoldaşlıq oyununda 2:1 hesabı ilə əldə etmişdi.
Qarşılaşma, eyni zamanda, Azərbaycan millisinin kapitanı Emin Mahmudovun yığma karyerasındakı son oyunu kimi əlamətdar olub.