Bakı, 17 noyabr, AZƏRTAC Noyabrın 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi ilə əməkdaşlığı çərçivəsində “Gender bərabərliyinin təmin olunması: işəgötürənlərin rolu və məsuliyyəti” mövzusunda onlayn maarifləndirici görüş keçirilib.Tədbirin moderatoru, AHİK-in Gənclər, sosial layihələr və gender məsələləri ilə iş şöbəsinin müdir müavini Gülnarə Hüseynova gender bərabərliyi sahəsində qanunvericilik təminatlarından və Konfederasiyanın fəaliyyətindən danışıb.Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev qadınların təhsilə çıxış imkanları geniş olsa da, əmək bazarında və gəlir bölgüsündə eyni səviyyədə təmsil olunmadıqlarını bildirib. O, bunun əsas səbəbləri sırasında əmək bazarında gender seqreqasiyasını və qadınlarla kişilər arasındakı gəlir fərqini göstərib.AHİK-in İnsan resursları şöbəsinin müdiri Bənövşə Babayeva əmək münasibətlərində bərabərliyin təmin olunmasında həmkarlar ittifaqlarının rolundan danışıb, eyni və bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsinin, sosial tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə ekspert Abil Bayramov iş yerlərində ayrı-seçkilik və cinsi qısnamanın qarşısının alınmasının hüquqi mexanizmlərinə toxunub. O, işəgötürənlərin məsuliyyətini, təhlükəsiz şikayət kanallarının yaradılmasını, qərəzsiz araşdırma və nəzarət mexanizmlərinin tətbiqini önə çəkərək, müvafiq qanunvericilik müddəalarını diqqətə çatdırıb.Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov iş mühitində qadın və kişilərin təmsilçiliyi, ailə öhdəlikləri olan işçilərin hüquqlarının müdafiəsi və ailə həyatının işlə uzlaşdırılması məsələlərindən danışıb. O, həmçinin qadınların rəhbər vəzifələrdə, bələdiyyələrdə və dövlət qulluğunda təmsilçiliyinin artmasına diqqət çəkib.Görüş iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.