Hamilə qadınlar bu balığı yeməməlidir - SƏBƏB

Həkimlər qılınc balığının tərkibindəki metilcivənin hansı təhlükələr yaratdığını və hamilə, eləcə də süd verən qadınların niyə bu balıqdan uzaq durmalı olduqlarını açıqlayıblar.

Xarici mediaya istinadən, qılınc balığının orqanizmində yüksək miqdarda metilcivə toplanır. Civənin zəhərli forması olan bu maddə sinir sisteminə mənfi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə hamilə və süd verən qadınlara, eləcə də azyaşlı uşaqların valideynlərinə bu məhsulla bağlı diqqətli olmağı tövsiyə edirlər.

Təhlükə qılınc balığının uzunömürlü və iri dəniz yırtıcısı olması ilə əlaqədardır. Bu səbəbdən zəhərli maddələr illər ərzində onun orqanizmində toplana bilir. Balıq sağlam və balanslaşdırılmış qidalanmanın mühüm hissəsi hesab olunsa da, bütün balıq növləri eyni dərəcədə faydalı deyil. Ümumiyyətlə, balıq zülal, omeqa-3 yağ turşuları (EPA və DHA), yod, selen, fosfor və kalsium mənbəyidir.

Mütəxəssislər sağlamlıq üçün xüsusilə faydalı balıqlar arasında omeqa-3 ilə zəngin qızılbalığı, omeqa-3, kalsium və D vitamini ehtiva edən sardinanı qeyd edirlər.

Bu siyahıya həmçinin omeqa-3 və D vitamini mənbəyi olan siyənək, eləcə də asan həzm olunan zülalla zəngin, azyağlı treska balığı daxildir. Lakin qılınc balığı bu növlərdən fərqlənir. Uzun və iti burun quruluşuna malik olan bu iri yırtıcı dəniz balığı adətən steyk və ya dondurulmuş file şəklində satışa çıxarılır.

Mütəxəssislərin onun istehlakından çəkinməyi tövsiyə etməsinin əsas səbəbi tərkibində yüksək miqdarda metilcivənin olmasıdır. Civənin bu zəhərli forması insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Metilcivə dəniz ekosisteminə daxil olduqdan sonra əvvəlcə planktonlarda, daha sonra isə kiçik balıqlarda toplanır. Qılınc balığı digər dəniz canlıları ilə qidalanan iri yırtıcı olduğundan zəhərli maddə tədricən onun orqanizmində daha yüksək konsentrasiyaya çatır.

Bu proses biomagnifikasiya adlanır. Yəni qida zəncirinin yuxarı pillələrinə doğru irəlilədikcə zərərli maddələrin konsentrasiyası artır. Metilcivənin həddindən artıq qəbulu sinir sisteminə mənfi təsir göstərə bilər. Xüsusilə bu maddənin uşaqların inkişaf etməkdə olan sinir sisteminə təsiri ciddi narahatlıq doğurur. Buna görə də hamilə və süd verən qadınlara qılınc balığından uzaq durmaq tövsiyə olunur. Bununla belə, qılınc balığının müəyyən qida dəyəri də var. Onun tərkibində yüksək keyfiyyətli zülal, omeqa-3 yağ turşuları, B12 və D vitaminləri, həmçinin selen mövcuddur.