Cennifer Lopesi yaşından gənc göstərən 3 sirri

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopes 57 yaşında olmasına baxmayaraq, gənc və baxımlı görünüşü ilə pərəstişkarlarını heyran etməyə davam edir. Sənətçinin yaşından daha gənc görünməsinin sirri yalnız dəriyə qulluqda deyil, həm də düzgün saç rəngi, makiyaj və geyim seçimində gizlənir.

Lent.az xarici mediaya istinadla Cennifer Lopezin daha gənc görünməsinə kömək edən üç gözəllik üsulunu təqdim edir.

1. İsti saç tonları və üzü əhatə edən açıq rəngli tellər

Cennifer Lopes uzun illərdir saçlarında karamel və qızılı çalarlara üstünlük verir. Müğənninin saç rəngində müxtəlif tonların bir-birinə yumşaq keçidi onun görünüşünə xüsusi təravət qatır. Xüsusilə üz ətrafındakı açıq rəngli saç telləri üz cizgilərini daha yumşaq göstərir və dərinin rəngini vizual olaraq canlandırır.

Mütəxəssislərin fikrincə, isti saç tonları xüsusilə neytral və isti dəri alt tonlarına malik qadınlara yaraşır. Çox tünd və eyni rəngdə olan saçlar isə bəzi hallarda üzdəki qırışları və kölgələri daha nəzərəçarpan edə bilər. Bu effekti əldə etmək üçün saçları tamamilə sarıya boyamaq vacib deyil. Üz ətrafındakı bir neçə saç telini açmaq və ya balayaj üsulundan istifadə etmək kifayətdir.

2. Qalın makiyaj əvəzinə təbii və parlaq dəri

Cennifer Lopesin gözəllik üslubunun əsas xüsusiyyətlərindən biri də parlaq və canlı görünən dərisidir.

Müğənni ağır, qalın tonal vasitələr əvəzinə daha yüngül teksturalı kosmetik məhsullara üstünlük verir. Onun makiyajında yumşaq konturlama, zərif işıqlandırıcı və isti rənglər mühüm yer tutur.

Qalın və tam mat tonal kremlər bəzən dərinin xırda qırışlarında toplanaraq onları daha qabarıq göstərə bilər. Yüngül və təbii parlaqlıq verən məhsullar isə işığı əks etdirərək dərini daha hamar göstərir. Lopez makiyajında bürünc rəngli göz kölgələrindən, yüngül ənlikdən və təbii tonlarda dodaq parıldadıcısından da istifadə edir.

Bu görünüşü təkrarlamaq istəyən qadınlar yüngül tonal krem seçə, yanaq sümüklərinə az miqdarda işıqlandırıcı çəkə və göz makiyajında isti çalarlardan yararlana bilərlər.

3. Beli vurğulayan və bədən quruluşuna uyğun geyimlər

Cennifer Lopesin gənc və enerjili görünməsində geyim seçimi də mühüm rol oynayır. Müğənni adətən bədən quruluşunu gizlədən, həddindən artıq geniş və çoxsaylı detallarla yüklənmiş geyimlərdən uzaq durur. O, qırmızı xalça mərasimlərində daha çox beli vurğulayan, çiyinləri açıq saxlayan, dərin yaxalıqlı və ya ayaq hissəsində kəsiyi olan libaslarla görünür.

Bel xəttinin nəzərə çarpması bədən quruluşunu daha mütənasib göstərir. Şaquli xətlər isə boyu vizual olaraq uzadır. Eyni rəngin müxtəlif çalarlarından ibarət geyimlər və hündürdaban ayaqqabılar da bu effekti gücləndirə bilər.

Mütəxəssislər hesab edirlər ki, düzgün seçilmiş geyim insanın görünüşünü əhəmiyyətli dərəcədə dəyişə bilər. Bunun üçün bahalı paltarlara ehtiyac yoxdur. Əsas məsələ bədən quruluşuna uyğun biçim, düzgün rəng seçimi və detallarda tarazlığı qorumaqdır.

Cennifer Lopesin üslubu göstərir ki, gənc görünmək üçün yalnız kosmetik prosedurlara güvənmək lazım deyil. Saç düzümü, makiyaj və geyimdə edilən kiçik dəyişikliklər də görünüşü daha təravətli və baxımlı edə bilər.