Qonşu ölkə xaricdən maşın gətirənlərə qarşı ağır zərbə – 2027-dən yeni qay…

Rusiyada xaricdən avtomobil gətirən şəxslər üçün ciddi maliyyə çətinlikləri yarada biləcək yeni qaydalar hazırlanıb.

Rusiyanın Sənaye və Ticarət Nazirliyi utilizasiya rüsumunun hesablanması və ödənilməsi qaydalarını sərtləşdirən layihə hazırlayıb. Bu barədə “İzvestiya” və “Gazeta.ru” nəşrləri məlumat yayıb.

2027-ci ildən qüvvəyə minməsi planlaşdırılan dəyişikliklər avtomobillərin idxal xərclərini artıracaq, güzəştlərdən istifadə imkanlarını isə məhdudlaşdıracaq.

Yeni qaydalara əsasən, xaricdən gətirilən avtomobillər gömrük rəsmiləşdirilməsindən sonra bir ay ərzində Rusiya Daxili İşlər Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmalıdır. Bu müddətə əməl edilmədikdə avtomobil sahibi güzəştli utilizasiya rüsumundan məhrum ola və tam kommersiya tarifini ödəməli ola bilər.

Ən mühüm dəyişikliklərdən biri avtomobilə məcburi birillik sahiblik müddəti ilə bağlıdır. Hazırda bu müddət gömrük rəsmiləşdirilməsindən hesablandığı halda, yeni qaydalara əsasən, avtomobilin dövlət qeydiyyatına alındığı tarixdən başlayacaq.

Dəyişikliklər xüsusilə Avrasiya İqtisadi İttifaqına üzv ölkələr üzərindən Rusiyaya avtomobil gətirən şəxslərə təsir göstərəcək. Əsas diqqət Qırğızıstan vasitəsilə həyata keçirilən idxal əməliyyatlarına yönəlib.

Qırğızıstanda avtomobil üçün ödənilən gömrük rüsumu Rusiyada tətbiq edilən məbləğdən aşağı olarsa, alıcı əlavə ödənişlə üzləşə bilər. Yeni mexanizm çərçivəsində əlavə ödənişlərin hesablanması üçün avtomobilin qiymətinə bağlı vahid əmsalın tətbiqi nəzərdə tutulur.

Gömrük rəsmiləşdirilməsini təsdiqləyən sənədlərin olmaması isə avtomobil sahibinin bütün müvafiq rüsum və ödənişləri ödəməsi ilə nəticələnə bilər.

Hazırda fiziki şəxslər üçün tətbiq edilən güzəştli utilizasiya rüsumu yeni avtomobillərdə 3400 rubl (69,78 manat), işlənmiş avtomobillərdə isə 5200 rubl (106,73 manat) təşkil edir. Layihəyə əsasən, bu güzəştlərin saxlanılması avtomobilin müəyyən edilmiş müddətdə qeydiyyata alınmasından da asılı olacaq.

Sərtləşdirmə yaşı 30 ildən çox olan avtomobilləri də əhatə edəcək. Belə nəqliyyat vasitələrinin utilizasiya rüsumundan azad edilməsi üçün onların mədəni dəyərə malik olduğu rəsmi sənədlərlə təsdiqlənməlidir.

Rusiya Sənaye və Ticarət Nazirliyi mövcud utilizasiya rüsumlarının dərəcələrini və əmsallarını artırmağı planlaşdırmadığını bildirib. Nazirliyin açıqlamasına görə, dəyişikliklərin əsas məqsədi avtomobil idxalında qeyri-rəsmi sxemlərin qarşısını almaq və ödəniş qaydalarını vahidləşdirməkdir.\\Musavat.com