Hesablama Palatası dövlət büdcəsi üçün üç əlavə fiskal risk açıqlayıb

Azərbaycanda dövlət borcuna xidmət xərclərinin artması, daxili borcun yenidən maliyyələşdirilməsi zərurəti və vergi artıqödəmələrinin yüksəlməsi ortamüddətli dövrdə dövlət maliyyəsi üçün əlavə risklər yarada bilər. Hesablama Palatası bu risklərlə yanaşı, dövlət müəssisələrinin maliyyə vəziyyəti və dövlət zəmanəti ilə cəlb edilmiş borclar barədə məlumatların büdcə sənədlərində daha geniş əks etdirilməsinin vacibliyini vurğulayıb.

Bu barədə Hesablama Palatasının “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Palata qeyd edir ki, 2027-ci il dövlət büdcəsinin layihəsinə dair izahatda fiskal dayanıqlılığa təsir edən risklər üzrə məlumatlılıq və təhlilin keyfiyyəti əvvəlki illərlə müqayisədə artırılıb. Belə ki, sənəddə ilk dəfə fiskal risk anlayışı daha konkret müəyyənləşdirilib, risklərin təhlili dövlət maliyyəsi səviyyəsində aparılıb, onların başvermə ehtimalı və mümkün təsirləri qiymətləndirilib, risklərin azaldılması (mitiqasiyası) istiqamətində tədbirlər göstərilib.

Hesablama Palatasının qənaətinə görə, fiskal risklər barədə məlumatların büdcə sənədlərində əks etdirilməsi ortamüddətli dövrdə həmin risklərin idarə olunması baxımından əhəmiyyətlidir. Qurum xatırladır ki, 2026-cı ilin dövlət büdcəsi layihəsinə dair rəyində də risklərin mümkün təsirinin və başvermə ehtimalının ölçülməsini beynəlxalq fiskal diaqnostika alətlərinin əsas tələblərindən biri kimi qeyd edib.

Əvvəlki illərdən fərqli olaraq, 2027-ci ilin büdcə layihəsinə dair izahatda əsas diqqət makroiqtisadi risklərə yönəldilib. Sənəddə neft və təbii qaz qiymətlərinin dəyişkənliyi, qeyri-neft-qaz ÜDM-in artım tempi və inflyasiyanın dinamikası ortamüddətli dövr üçün əsas fiskal risklər kimi müəyyən edilib.

Bununla belə, Palata hesab edir ki, risklərin əhatə dairəsi genişləndirilməlidir. Xüsusilə dövlət müəssisələrinin və dövlət zəmanətləri ilə cəlb edilmiş borcların dövlət maliyyəsinə mümkün təsirləri barədə məlumatların büdcə sənədlərində daha dolğun təqdim olunmasına ehtiyac var.

Rəydə bildirilir ki, dövlət müəssisələrinə ayrılan fiskal transfertlər, onların nizamnamə kapitalına yönəldilən vəsaitlər, kapital dəyəri, xalis mənfəəti, dövlət zəmanəti ilə cəlb edilmiş borcları, kvazi-fiskal fəaliyyətləri və ödədikləri dividendlər barədə məlumatların açıqlanması büdcə sənədlərinin keyfiyyətini artırar. Bu göstəricilər üzrə müvafiq əmsal təhlillərinin aparılması da dövlət müəssisələrinin maliyyə vəziyyətinin və onların büdcə üçün yarada biləcəyi risklərin daha düzgün qiymətləndirilməsinə imkan verə bilər.

Hesablama Palatası büdcə sənədlərində göstərilən risklərlə kifayətlənməyərək, ortamüddətli dövrdə dövlət maliyyəsinə təsir edə biləcək daha üç riskə diqqət çəkib.

Birinci risk istinad faiz dərəcələrinin yüksəlməsidir. Palatanın qiymətləndirməsinə görə, istinad faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə formalaşması dəyişkən faizli xarici dövlət borcu üzrə xidmət xərclərini artıra bilər. Cari ilin oktyabrın 1-nə xarici dövlət borcunun 48,8 faizi dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklərdən ibarət olub. Bu isə beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin yüksəlməsi halında dövlətin borca xidmət yükünün artması ehtimalını gücləndirir.

İkinci risk dövlət borcunun yenidən maliyyələşdirilməsi ilə bağlıdır. Palata bildirir ki, müddəti başa çatan borc öhdəliklərinin yüksək faizlərlə yenidən maliyyələşdirilməsi dövlət borcuna xidmət xərclərinin artmasına səbəb ola bilər. 2026-cı il oktyabrın 1-nə daxili dövlət qiymətli kağızlarının 56 faizi beş ilədək müddətə buraxılıb. Bu göstərici daxili dövlət borcunun əhəmiyyətli hissəsinin ortamüddətli dövrdə ödənilməsi və ya yenidən maliyyələşdirilməsi zərurətinin yarana biləcəyini göstərir.

Üçüncü risk vergi üzrə artıqödəmələrin artmasıdır. Rəydə qeyd olunur ki, cari ilin ilk doqquz ayında Dövlət Vergi Xidməti (DVX) xətti ilə artıqödəmələrin məbləği ilin əvvəli ilə müqayisədə 339,9 milyon manat artaraq 2 milyard 740,6 milyon manata çatıb.

Palatanın qiymətləndirməsinə görə, artıqödəmələrin gələcək vergi öhdəlikləri ilə əvəzləşdirilməsi hesablanmış vergi məbləğləri ilə dövlət büdcəsinə faktiki daxilolmalar arasında fərqin yaranmasına səbəb ola bilər. Bu hal büdcə gəlirlərinin proqnozlaşdırılması və icrası baxımından nəzərə alınmalı amillərdəndir.

Hesablama Palatası hesab edir ki, fiskal risklərin müəyyənləşdirilməsi və onların azaldılması istiqamətində görülən işlər müsbət qiymətləndirilsə də, bu sahədə tədbirlər davam etdirilməlidir. Qurum risklərin əhatə dairəsinin genişləndirilməsini, onların reallaşacağı təqdirdə tətbiq olunacaq tədbirlərin konkretləşdirilməsini və həmin tədbirlərin effektivliyinin əsaslandırılmasını vacib sayır.

Rəydə vurğulanır ki, fiskal risklərə dair məlumatların keyfiyyətinin və əhatəliliyinin artırılması ortamüddətli dövrdə dövlət maliyyəsinin dayanıqlılığının gücləndirilməsinə, eləcə də büdcə qərarlarının daha dolğun informasiya əsasında qəbul edilməsinə xidmət edə bilər.