Füzulidə qəzada 3 nəfər öldü - adları açıqlandı

Füzuli. Trend:

Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin sürdüyü “VAZ-2104” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə zamanı “Opel”in sürücüsü, 1987-ci il təvəllüdlü Seymur Pəhləvan oğlu İsmayılov, həmçinin avtomobildə olan sərnişinlər – 2009-cu il təvəllüdlü Turan Elcan oğlu Əsgərov və Əhəd Nəsimi oğlu Heydərzadə hadisə yerində ölüblər.

Qəza nəticəsində “VAZ-2104”ün sürücüsü, 1965-ci il təvəllüdlü Mustafa Həsənqulu oğlu Mustafayev və onun 1998-ci il təvəllüdlü qızı Rəmziyə Mustafa qızı Mustafayeva ağır xəsarət alıblar.

Bundan başqa, “Opel”də olan 2009-cu il təvəllüdlü Ramazan Elnur oğlu Cəfərov və 2010-cu il təvəllüdlü Rəvan Elnur oğlu Abbaszadə də müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.