Parisdə film kimi soyğun: 3 dəqiqəyə 1 milyon avroluq brilyant oğurladılar – Video

Fransanın paytaxtı Parisdə günorta saatlarında film səhnələrini xatırladan silahlı soyğun baş verib.

Xarici mətbuata istinadən, hadisə noyabrın 12-də saat 11:00 radələrində şəhərin ən dəbdəbəli bölgələrindən biri olan Vandom meydanı (Place Vendôme) yaxınlığındakı "Rue de la Paix" küçəsində qeydə alınıb.

Üzləri maskalı və qara geyimli soyğunçular iki motosikletlə mağazanın qarşısına gəliblər. Qrup üzvlərindən biri avtomat silahla çöldə keşik çəkib, digərləri motosikletlərdən biri ilə mağazaya daxil olub.

Təxminən 2-3 dəqiqə davam edən basqın zamanı cinayətkarlar vitrinlərdəki brilyant və zinət əşyalarını toplayaraq motosikletlərlə hadisə yerindən uzaqlaşıblar. Polis mənbələrinin məlumatına görə, oğurlanan zərgərlik məmulatlarının dəyəri 1 milyon avrodan çox qiymətləndirilir.

Soyğun zamanı silahlı şəxslərin atəş açmadığı və hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib. Şahidlər baş verənləri "film səhnəsi kimi" təsvir ediblər.

Paris Prokurorluğu faktla bağlı mütəşəkkil cinayətkarlıq çərçivəsində silahlı soyğunçuluq maddəsi ilə istintaq başladıb.