Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?
Mövzu ilə bağlı əmlak eksperti Şahin İbadoğlu Trend-ə açıqlamasında bildirib ki, sənədsiz yaşayış evlərinin kommunal xidmətlərə qoşulması məsələsində tikilinin hüquqi statusu və mövcud sənədləri əsas rol oynayır.
Onun sözlərinə görə, yaşayış evinin çıxarışının, yəni kupçasının olmaması bütün hallarda həmin evin kommunal xidmətlərə qoşulmasının mümkünsüzlüyü demək deyil:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq edilmiş 'Qaz təchizatı sisteminə dair Qaydalar'ın 53.2.4-cü yarımbəndinə əsasən, qaz şəbəkəsinə qoşulma zamanı yalnız tikilinin çıxarışı deyil, tikinti obyektinə və ya onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu, yaxud digər əşya hüququnu təsdiq edən sənədlər də nəzərə alınır. Vətəndaşın yaşayış evinə çıxarışı olmasa belə, tikilinin özünə və ya yerləşdiyi torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə cavab verən hüquqmüəyyənedici sənədləri varsa, qaz təchizatı şəbəkəsinə qoşulmaq üçün müraciət edə bilər".
Ekspert qeyd edib ki, həmin Qaydaların 54-cü hissəsində ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə yerləşən tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması proseduru da müəyyənləşdirilib. Bu zaman müvafiq sənədlər təqdim edilməli, texniki şərtlər alınmalı, qaz təchizatı layihəsi hazırlanmalı və təhlükəsizlik tələblərinə əməl olunmalıdır.
Ş.İbadoğlu vurğulayıb ki, bu müddəalar heç bir hüquqi əsası olmayan tikililərin avtomatik qazlaşdırılması demək deyil:
"Xüsusilə mühafizə zonalarında, kommunikasiya xətlərinin üzərində və tikinti aparılması qadağan edilən ərazilərdə yerləşən evlərə münasibətdə qanunvericiliyin məhdudiyyətləri nəzərə alınmalıdır. Eyni zamanda, kommunal xidmətlərdən istifadə tikiliyə mülkiyyət hüququ yaratmır və onun qanuniləşdirilməsi kimi qiymətləndirilə bilməz".
Onun fikrincə, əsas yanaşma sənədsiz evləri ümumilikdə qanunsuz hesab etmək deyil, hər bir tikilinin hüquqi vəziyyətini fərdi qaydada araşdırmaq olmalıdır.
"Vətəndaşın torpaq sahəsi və ya tikili üzərində qanuni hüquqları mövcuddursa və texniki təhlükəsizlik tələbləri təmin edilirsə, kommunal xidmətlərə qoşulma məsələsinə qanunvericilik çərçivəsində baxılması mümkündür", - deyə ekspert əlavə edib.