Pələng onunla video çəkmək istəyən bloqeri parçaladı

Pakistanda “TikTok” üçün video çəkmək istəyən 19 yaşlı gənc pələngin hücumuna məruz qalaraq həyatını itirib.

Xarici mediaya istinadən, faciə Lahor şəhəri yaxınlığında yerləşən vəhşi heyvanların yetişdirildiyi fermada baş verib.

Məlumata görə, fermada çalışan 19 yaşlı gənc “TikTok” üçün video çəkilişində iştirak edib. İddialara əsasən, bloqer daha təsirli görüntülər əldə etmək məqsədilə dişi pələngin qəfəsdən buraxılmasını istəyib.

Lakin qəfəsdən çıxarılan yırtıcı qəfil gəncə hücum edərək ona ağır xəsarətlər yetirib.

Dəhşətli hadisə zərərçəkmişin atası və qardaşının gözü qarşısında baş verib. Ağır yaralanan gənc təcili xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra polis fermanın sahibi Fəyyazı və bloqer Norman Həsəni saxlayıb.

İstintaq zamanı məlum olub ki, sahibkar faciənin əsl səbəbini gizlətməyə çalışıb. O, gəncin ölümünə səbəb olan yaraların pələng deyil, it hücumu nəticəsində yarandığını iddia edib.

Hadisədən sonra dişi pələng vəhşi təbiətin mühafizəsi üzrə mütəxəssislərə təhvil verilib.

Hazırda hüquq-mühafizə orqanları fermanın yırtıcı heyvan saxlamaq üçün müvafiq icazəsinin olub-olmadığını araşdırır. Eyni zamanda təhlükəsizlik qaydalarının pozulmasına kimin yol verdiyi müəyyənləşdirilir.