Daha plastik şüşələr zibilə atılmayacaq – pul qazandıracaq – Foto

Qırğızıstanda hazırlanan avtomat qurğu plastik şüşələri qəbul edib istifadəçilərə qarşılığında pul verir.

Rusiya mətuatına istinadən, "Jashyl Fandomat" adlanan qurğu Qırğızıstanın daxilində istehsal olunur.

Yerli mütəxəssislər metal konstruksiyaları hazırlayır, avadanlığı quraşdırır və proqram təminatını özləri işləyib hazırlayırlar. Yalnız bir neçə mürəkkəb sensor xaricdən gətirilir.

Cihazın iş prinsipi olduqca sadədir. İstifadəçi plastik şüşəni xüsusi qəbul yuvasına yerləşdirir. Kamera əşyanın müəyyən tələblərə cavab verib-vermədiyini yoxlayır; məsələn, şüşənin təmiz olmasını və içərisində maye qalmamasını təmin edir.

Əgər əşya yoxlamadan keçərsə, avtomat onu qəbul edib sıxır və saxlama konteynerinə yerləşdirir. Təkrar emala yararlı tullantıların müqabilində istifadəçi pul mükafatı alır və bu vəsait onun rəqəmsal pul kisəsinə köçürülür.

Bu qurğu vətəndaşları tullantılarını çeşidləməyə həvəsləndirməklə yanaşı, təkrar emal müəssisələrinin xərclərini azaltmağa da kömək edəcək. Çünki adətən plastik şüşələr çox vaxt ümumi məişət tullantıları ilə birlikdə atılır. Nəticədə onlar çirklənir və sonradan təmizlənməsi xeyli enerji və insan əməyi tələb edir.