BMW 720 mindən çox avtomobili geri çağırır

Almaniyanın avtomobil istehsalçısı BMW ABŞ-də yanğın riski səbəbindən 720 796 avtomobili geri çağırır.

Bu barədə “Reuters” agentliyi ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatlarına istinadən xəbər yayıb.

Qurum avtomobil sahiblərinə nəqliyyat vasitələrini təmir edilənədək açıq havada, binalardan və digər avtomobillərdən uzaqda saxlamağı tövsiyə edib.

BMW nasazlığın aradan qaldırılması üzərində işləyir. Şirkətin məlumatına görə, 2024-cü ildə su nasosunda yaranan problemə görə geri çağırılaraq təmir edilmiş avtomobillərlə bağlı sonradan 10 yanğın hadisəsi qeydə alınıb.

NHTSA-nın məlumatına əsasən, geri çağırış 2012-2018-ci illərdə istehsal edilmiş BMW 3-cü və 5-ci seriyalı avtomobilləri, X1, X3, X4 və Z4 modellərini, eləcə də bəzi digər nəqliyyat vasitələrini əhatə edəcək.