"Tarixi presedent isə mövcuddur. 2021-ci ilin mayında Netanyahu yeni hökumətin formalaşdırılması istiqamətində danışıqlar gedərkən Qəzza zolağında 11 günlük hərbi əməliyyat aparmışdı..."
"Bir məsələ aydındır: İsraildə hakimiyyət dəyişikliyi uğrunda mübarizə ilə İran ətrafında hərbi gərginliyin eyni vaxta düşməsi Yaxın Şərqdə təhlükəli qeyri-müəyyənlik yaradır..."
“Mossad” rəhbərinin Vaşinqtona səfəri, Trampın yeni müharibəyə tərəddüdü, İsrail ordusunun ehtiyatlı mövqeyi və Eyzenkotun hakimiyyətə gəlmək cəhdi... Yaxın Şərqdə yeni hərbi qarşıdurma təhlükəsi nə qədər realdır? Netanyahu siyasi hakimiyyətini qorumaq naminə İranla müharibəyə başlaya bilərmi?..
Moderator.az aparıcı beynəlxalq mənbələrin və ekpspertlərin məlumat və açıqlamalarına əsasən bu sualları cavablandırmağa cəhd edib.
Yaxın Şərqdə növbəti böyük hərbi qarşıdurma ehtimalı yenidən gündəmə gəlib. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı İranla hərbi əməliyyatları bərpa etməyə razı salmağa çalışır. Bu arada İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Qofmanın Vaşinqtona səfər etməsi diqqətləri yenidən Tehran-Təl-Əviv qarşıdurmasına yönəldib.
“Axios” nəşrinin noyabrın 13-də üç məlumatlı mənbəyə istinadən yaydığı məlumata görə, Qofman ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff ilə görüşüb. Onun Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoffla da danışıqlar aparmaq üçün Mayamiyə getməsi gözlənilirdi.
“Mossad” rəhbərinin səfəri Netanyahunun Trampı İranla yeni hərbi kampaniyaya razı salmaq cəhdləri fonunda baş verir. “Mossad”, “CIA” və Ağ Ev isə bu görüşlərə dair rəsmi açıqlama verməyib.
Maraqlıdır ki, İsrail baş nazirinin bu fəallığı ölkəsində hakimiyyət dəyişikliyi ehtimalının artdığı bir vaxta təsadüf edir.
Netanyahu seçkilərdə çoxluğu itirdi, amma hakimiyyətdən getməyib...
Oktyabrın 27-də İsraildə keçirilmiş parlament seçkilərində Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası 27 mandat qazanıb. Onun sağçı koalisiyası ümumilikdə 53, müxalifətin Qadi Eyzenkotun rəhbərlik etdiyi bloku isə 48 mandat əldə edib. Ərəb partiyaları 19 mandatla parlamentdə təmsil olunmaq imkanı qazanıblar. Beləliklə, heç bir siyasi blok Knessetdə hökumət formalaşdırmaq üçün zəruri olan 61 mandatlıq çoxluğu təmin edə bilməyib.
Noyabrın 8-də İsrail prezidenti İsaak Hersoq yeni hökuməti formalaşdırmağı müxalifət lideri Qadi Eyzenkota həvalə edib. Onun qarşısında bu məqsədlə 42 günlük müddət var. Zərurət yaranarsa, həmin müddət daha 14 gün uzadıla bilər. Lakin koalisiya danışıqlarının mürəkkəbliyi səbəbindən Eyzenkotun hökumət qurub-qura bilməyəcəyi hələ məlum deyil. Bu müddətdə Netanyahu müvəqqəti hökumət başçısı kimi vəzifəsini davam etdirir...
ABŞ Konqresinin Araşdırma Xidmətinin təhlilində də seçkilərdən sonra yaranmış siyasi qeyri-müəyyənliyin İsrailin gələcək istiqamətinə və Vaşinqtonla münasibətlərinə təsir edə biləcəyi vurğulanır.
İrana hücum üçün hüquqi imkan varmı?..
“Əl Cəzirə”nın noyabrın 13-də dərc etdiyi təhlildə əsas diqqət məhz bu suala yönəldilib.
İsrailin Əsas Qanununun 30-cu maddəsinə əsasən, yeni hökumət formalaşana qədər müvəqqəti hökumət əvvəlki səlahiyyətlərini qoruyub saxlayır. Yəni Netanyahu siyasi baxımdan hakimiyyətdən getməyə hazırlaşsa da, baş nazir kimi hərbi qərarların qəbulunda iştirak etmək imkanına malikdir...
Bununla belə, İsrail Ali Məhkəməsinin formalaşdırdığı hüquqi prinsipə görə, səlahiyyətlərini təhvil verməyə hazırlaşan hökumət təcili zərurət olmadığı halda gələcək hakimiyyətin fəaliyyətinə ciddi təsir göstərə biləcək geridönməz qərarlardan çəkinməlidir.
Londondakı “Queen Mary” Universitetinin beynəlxalq hüquq professoru Neve Qordonun “Əl- Cəzirə”yə açıqlamasına görə, təhlükəsizlik zərurəti əsas gətirilərsə, Netanyahu müvəqqəti hökumətin razılığı ilə hərbi əməliyyata başlaya bilər.
Başqa sözlə, hüquqi baxımdan onun əlləri bağlı deyil. Lakin belə bir qərarın siyasi və ictimai məsuliyyəti olduqca ağır olacaq...
İsrail ordusu yeni müharibəyə nə dərəcədə hazırdır?..
Noyabrın 11-də İsrail mediasında təhlükəsizlik kabinetinin ordunun İrana qarşı mümkün hücuma hazırlığını gücləndirməsi barədə göstəriş verdiyi haqda məlumatlar yayıldı. İctimai yayımçı “KAN” bu göstərişlərin yeni müharibəyə gətirib çıxara biləcək hərbi fəaliyyətlərə səbəb ola biləcəyini bildirdi.
Bununla yanaşı, İsrailin “13-cü kanal”ının məlumatına görə, hərbi rəhbərlik İrana dərhal hücum üçün təxirəsalınmaz zərurət görmür. Bu qiymətləndirmənin Netanyahu və Eyzenkotla keçirilən təhlükəsizlik brifinqində də çatdırıldığı bildirilir...
ABŞ-ın Mərkəzi Komandanlığı isə Vaşinqtonun İsrailə yeni hərbi qarşıdurmaya hazırlaşmaq göstərişi verməsi barədə “KAN”-da yayılan məlumatı spekulyasiya adlandıraraq təkzib edib...
Deməli, İsrailin hərbi hazırlıq səviyyəsinin artırılması barədə xəbərlər olsa da, bu, hücumun artıq qərarlaşdırıldığı anlamına gəlmir.
Tramp niyə Netanyahunun çağırışına tələsmir?..
Burada İsrail baş nazirinin qarşısında ən ciddi maneə ABŞ-ın mövqeyidir. “Axios”un məlumatına görə, Tramp noyabrın 5-də Netanyahu ilə telefon danışığı zamanı İran məsələsini müzakirə edib. Lakin ABŞ prezidenti İsrail baş nazirinin yeni hərbi əməliyyat çağırışlarını hələlik qəbul etməyib.
Vaşinqton hazırda Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-nin dəstəklədiyi dəniz blokadasını və iqtisadi təzyiq siyasətini davam etdirməyə, paralel olaraq Tehranla mümkün razılaşma variantlarını araşdırmağa üstünlük verir.
ABŞ dövlət katibi Marko Rubio da noyabrın 14-də İranın iqtisadi baxımdan zəiflədiyini əsas gətirərək, hazırda əlavə ABŞ hərbi əməliyyatına ehtiyac olmadığını bildirib. Bu mövqe onu göstərir ki, Tramp administrasiyası hələlik genişmiqyaslı yeni müharibədən daha çox iqtisadi təzyiq və diplomatik imkanlara üstünlük verir. Lakin bu, Vaşinqtonun zərurət yaranacağı təqdirdə hərbi gücdən istifadəni tamamilə istisna etməsi demək deyil...
Netanyahu hakimiyyətdən getməmək üçün müharibəyə əl ata bilərmi?..
Ən həssas məsələ budur. İsrail müxalifətində belə bir narahatlıq var ki, Netanyahu İranla yeni qarşıdurma yaratmaqla Eyzenkotun hökumət qurmaq cəhdlərini çətinləşdirə, ölkədə siyasi gündəmi dəyişə və hakimiyyətdə qalmaq üçün əlavə imkan əldə edə bilər.
Eyzenkot özü də keçid dövründə təhlükəsizlik qərarlarının siyasi məqsədlər üçün istifadə edilməsinə qarşı çıxıb. O, Netanyahunun hərbi qərarlarının parlament nəzarətindən kənarda qalmasına yol verməyəcəyini bildirib.
Bununla belə, Netanyahunun İranla müharibəni sırf hakimiyyətdə qalmaq məqsədilə başlatmaq istədiyini təsdiqləyən sübut yoxdur. Bu, hazırda İsrail müxalifətinin narahatlığı və siyasi müşahidəçilərin müzakirə etdiyi ehtimallardan biridir.
Tarixi presedent isə mövcuddur. 2021-ci ilin mayında Netanyahu yeni hökumətin formalaşdırılması istiqamətində danışıqlar gedərkən Qəzza zolağında 11 günlük hərbi əməliyyat aparmışdı. Həmin qarşıdurma hakimiyyət dəyişikliyi prosesini müvəqqəti ləngitsə də, son nəticədə Naftali Bennett və Yair Lapidin rəhbərliyi ilə yeni koalisiya quruldu və Netanyahu 12 illik fasiləsiz hakimiyyət dövrünü başa vurdu.
Deməli, müvəqqəti hökumət dövründə hərbi əməliyyatların başlanması İsrail siyasi tarixində presedentsiz hadisə deyil. Ancaq 2021-ci ildəki Qəzza əməliyyatı ilə İran kimi böyük regional dövlətə qarşı müharibə başlatmaq arasında hərbi və geo-siyasi baxımdan ciddi fərq var...
Yeni müharibə bütün regionu alova bürüyə bilər...
İranla yeni qarşıdurma yalnız İsrail və İranın sərhədləri daxilində qalmaya bilər. Tehran cavab zərbələri endirərsə, Fars körfəzi ölkələri, regiondakı ABŞ hərbi obyektləri, dəniz nəqliyyatı və enerji infrastrukturu da təhlükə ilə üzləşə bilər. Xüsusilə Hörmüz boğazında gərginliyin artması dünya enerji bazarlarına, neft qiymətlərinə və beynəlxalq ticarətə ciddi təsir göstərə bilər. Bütün bunlar Tramp administrasiyasının niyə yeni genişmiqyaslı hərbi əməliyyata ehtiyatla yanaşdığını da izah edir.
Nəticə etibarilə, Netanyahu İrana hücum edə bilərmi? Hüquqi baxımdan bəli. Siyasi və hərbi baxımdan isə bunun qarşısında ciddi maneələr var...
“Mossad” rəhbərinin Vaşinqton səfəri İsrailin İranla bağlı yeni hərbi variantları ABŞ-la müzakirə etdiyini göstərir. Lakin Trampın hazırkı mövqeyi, İsrail hərbi rəhbərliyinin ehtiyatlılığı və ölkədə hakimiyyət uğrunda gedən mübarizə hücumun qaçılmaz olmadığını göstərir.
Ən mühüm sual isə budur: Netanyahu İranın nüvə və hərbi potensialını İsrail üçün təcili təhlükə hesab etdiyinə görəmi yeni müharibəyə can atır, yoxsa hakimiyyətdən getməzdən öncə regionun siyasi reallıqlarını dəyişə biləcək sonuncu böyük gedişə hazırlaşır?..
Hələlik bu suala qəti cavab yoxdur. Ancaq bir məsələ aydındır: İsraildə hakimiyyət dəyişikliyi uğrunda mübarizə ilə İran ətrafında hərbi gərginliyin eyni vaxta düşməsi Yaxın Şərqdə təhlükəli qeyri-müəyyənlik yaradır...