Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dublində keçirilən görüşdə Vaşinqton razılaşmalarından sonra sülh prosesinin növbəti mərhələsi müzakirə olunub.

Tərəflər nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, iqtisadi-ticarət əlaqələri və TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində görüləcək işləri nəzərdən keçiriblər.

Görüşdə Azərbaycan ərazisindən Ermənistana indiyədək 105 min ton yük daşınması faktı da diqqət çəkib.

Bəs Dublində aparılan müzakirələr Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin konkret iqtisadi və nəqliyyat layihələrinə çevrilməsi baxımından hansı perspektivləri açır?

Xüsusilə TRIPP layihəsinin reallaşması regionun tranzit imkanlarına, Azərbaycanın geosiyasi və iqtisadi mövqeyinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev açıqlama verib.

Deputat qeyd edib ki, Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasında görüş şübhəsiz ki, sülh prosesinin irəlilədilməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması kontekstində mühüm əhəmiyyət kəsb edir:

"Görüş zamanı yalnız Ermənistan-Azərbaycan münasibətləri və sülh prosesi deyil, eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin inkişafı, TRIPP – Zəngəzur marşrutu, Ermənistanın bu marşrut vasitəsilə irimiqyaslı meqa layihələrə qoşulmaq imkanları, eləcə də Azərbaycan ərazisindən Ermənistana məxsus yüklərin daşınma həcminin artması və 105 min ton yükün daşınması faktı da müzakirə mövzusu olmuşdur.

Hesab edirəm ki, Azərbaycan hazırda Ermənistanın irimiqyaslı meqa layihələrə qoşulması və böyük iqtisadi potensial əldə etməsi üçün yeganə çıxış yoludur. Azərbaycanın təqdim etdiyi layihələrdə iştirakdan imtina edilməsi Ermənistanın iqtisadi, siyasi və geosiyasi baxımdan ciddi çətinliklərlə üzləşməsi deməkdir.

Çünki Ermənistan 30 il ərzində Azərbaycana qarşı başladığı təcavüz nəticəsində özünü elə bir vəziyyətə salmışdır ki, bundan sonra münasibətlərin qurulması yalnız itirilmiş imkanların bərpası və yeni əməkdaşlıq perspektivlərinin reallaşdırılması yolu ilə mümkündür.

Paşinyanın həm COP31 tədbirində iştirak etmək üçün Türkiyəyə səfər etməsi, həm də buradan sonra Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitinə qatılaraq Azərbaycan Prezidenti ilə görüşməsi göstərir ki, Azərbaycan hazırda regionun əsas aktoru kimi Ermənistanın siyasi gündəliyində də mühüm yer tutur. Artıq Azərbaycanla münasibətlərin inkişafı Ermənistanın siyasi prioritetləri sırasında xüsusi əhəmiyyət kəsb edir.

Ermənistan parlamentində və ictimaiyyətində aparılan müzakirələr də göstərir ki, Azərbaycanın iştirakı olmadan, Azərbaycanla münasibətlər normallaşdırılmadan, TRIPP – Zəngəzur dəhlizi funksional vəziyyətə gətirilmədən, Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edilmədən, Azərbaycanın maraqları və mövqeyi nəzərə alınmadan Ermənistanın istər Cənubi Qafqazda, istərsə də regiondan kənarda siyasi təsir imkanlarını genişləndirməsi və müstəqil siyasi strategiya formalaşdırması mümkün deyildir.

Bu yanaşma heç də Ermənistanı aşağılamaq və ya təhqir etmək məqsədi daşımır. Məsələ, ilk növbədə, mövcud geosiyasi reallıqlar və coğrafi amillərin diktə etdiyi şərtlərlə bağlıdır.Ermənistan dənizə birbaşa çıxışı olmayan, yəni landlocked ölkə hesab olunur.

Bu baxımdan, Ermənistanın yerində olan istənilən rasional siyasətçi və ya dövlət öz coğrafi mövqeyinin yaratdığı əlverişsiz şərtləri aradan qaldırmaq, mövcud dezavantajları məhz Azərbaycanla əməkdaşlıq hesabına üstünlüklərə çevirmək üçün Azərbaycanla münasibətləri yüksək səviyyədə qurmağa çalışardı.

Bunun bariz nümunəsi Gürcüstandır. Son 30 ildən artıq müddətdə Gürcüstan Azərbaycanla münasibətlərini yüksək və qarşılıqlı etimada əsaslanan səviyyədə inkişaf etdirməklə həm nəqliyyat-kommunikasiya xətlərinin yaratdığı imkanlardan, həm də Azərbaycanla tərəfdaşlığın təmin etdiyi iqtisadi və siyasi üstünlüklərdən faydalanmış, bunun sayəsində öz mövqelərini qoruyub saxlamış və strateji planlarını həyata keçirə bilmişdir.

Azərbaycanın nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşən açar ölkə statusuna malik olması, Avropa Siyasi Birliyinin ölkəmizə xüsusi diqqət və rəğbət göstərməsi, eləcə də cənab Prezidentin güclü liderlər sırasında xüsusi mövqedə qərarlaşması onu göstərir ki, hazırda beynəlxalq ictimaiyyətin, xüsusilə də Avropa qitəsinin və Avropa Siyasi Birliyinin diqqət mərkəzində Azərbaycan dayanır.

2028-ci ildə Azərbaycanda keçiriləcək sammitədək ölkəmizin beynəlxalq siyasi çəkisi, strateji mövqeyi və geosiyasi əhəmiyyəti daha da artacaq. Ermənistan da bu imkanlardan yararlanmalı və Azərbaycanla münasibətlərini yüksək səviyyədə saxlamalıdır.

Hətta hesab edirəm ki, 2028-ci ildə keçiriləcək Avropa Siyasi Birliyinin sammitinədək Ermənistanın konstitusiyasında müvafiq dəyişikliklər etməsi və sülh müqaviləsinin imzalanması məqsədəuyğun olardı.

Beləliklə, 2028-ci ildə Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində yeni Cənubi Qafqaz reallıqları və yeni Ermənistan-Azərbaycan münasibətləri şəraitində bir araya gəlmək mümkün olardı.

Bu isə təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region, eləcə də ətraf ölkələr üçün qarşılıqlı faydalı və müsbət nəticələr vəd edən bir vəziyyət yaradardı".

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor