İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,8 ABŞ dolları və ya 2,8 faiz artaraq bir barel üçün 102,68 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,01 faiz artaraq 98,79 ABŞ dolları təşkil edib.
"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,16 ABŞ dolları və ya 4,58 faiz artaraq bir barel üçün 72,20 ABŞ dolları olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 4,05 ABŞ dolları və ya 4,4 faiz artaraq bir barel üçün 96,11 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin qiyməti bir barel üçün 88 dollardan yuxarı səviyyədə qərarlaşıb.
"Əvvəlki ticarət sessiyasında qiymətlərin artmasına baxmayaraq, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun artıq İranla razılaşmaya ehtiyac duymadığını bəyan etməsi müharibənin diplomatik yolla həllinə dair ümidləri zəiflədib.
Tramp, həmçinin vitse-prezident JD Vensə Tehranla danışıqlardan daha çox daxili məsələlərə üstünlük verməyi tapşırıb. İran isə birbaşa sülh danışıqlarının başlanması üçün Vaşinqtonun ölkəyə qarşı tətbiq etdiyi dəniz blokadasını və sanksiyaları aradan qaldırmalı olduğu mövqeyində qalır.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi də Tehranın zənginləşdirilmiş nüvə materiallarını ölkədən çıxarmaq niyyətində olmadığını vurğulayıb.
Bütün bu gərginliyə baxmayaraq, Yaxın Şərqdən xam neft ixracının bərpası fonunda neft qiymətləri ardıcıl ikinci həftəlik enişə doğru irəliləyir. ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsi də münaqişənin daha tez başa çatacağına dair gözləntiləri gücləndirib", - məlumatda qeyd edilib.