Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib.
Reporta-a istinadən, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb.
"Fides" partiyasından olan parlamentin keçmiş deputatı İlona Ekeş hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı şübhəsi ilə Madyara qarşı Macarıstanın Mərkəzi İstintaq Prokurorluğuna ərizə verib.
Ərizədə qeyd olunub ki, müraciət Yudit Varqanın bu həftə icra hakimiyyəti sistemində sui-istifadə hallarını araşdıran parlament istintaq komissiyasına verdiyi ifadələrə, həmçinin mediada yayımlanan məlumatlara əsaslanır.
Ərizəyə əsasən, 2023-cü ilin yanvarında Madyar onların birgə yaşadıqları evdəki söhbəti Varqanın xəbəri və razılığı olmadan gizli şəkildə lentə alıb. Şikayətçinin iddiasına görə, bu səs yazısı 2023-cü ilin yanvarından 2024-cü ilin martına qədər şantaj üçün istifadə edilib.
İddia olunub ki, Madyar mütəmadi olaraq Varqanı hədələyib ki, əgər o, boşanma prosedurunu davam etdirərsə və ya əmlakın bölünməsi və uşaqların yaşayış yerinin müəyyən edilməsi üzrə onun üçün sərfəli olan şərtlərlə razılaşmazsa, bu səs yazısından cinayət ərizəsi vermək üçün istifadə edəcək, onun həbs olunmasını tələb edəcək və ya həyatını məhv edəcək.
Ərizədə qeyd olunub ki, təhdidlərin təsiri altında zərərçəkmiş boşanmanı təxirə salmağa və ya özü üçün sərfəli olmayan şərtlərlə razılaşmağa məcbur olub, bu da ona maddi ziyan vurub. Uzunmüddətli sistematik psixoloji təzyiqin həm də ər-arvad münasibətlərində psixoloji terror və nəzarət forması təşkil etdiyi iddia olunub.