İran Silahlı Qüvvələri ölkənin cənubunda, Hörmüzqan əyaləti üzərində ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatını vurub.
Bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatı İran Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən Sirik sahilində yerləşən Kuhestak ərazisində məhv edilib.
Agentliyin məlumatına görə, hadisə bir neçə saat əvvəl baş verib. Lakin ABŞ tərəfi hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, bundan əvvəl İsrailin “Kan” dövlət televiziyası ABŞ mənbələrinə istinadən Vaşinqtonun İsrail ordusunu İranda mümkün yeni hərbi əməliyyata hazırlaşmaq barədə məlumatlandırdığını bildirmişdi.