Azərbaycan-Britaniya Strateji Tərəfdaşlığı: Əməkdaşlıqda yeni mərhələ

“Dublin sammitinin ən mühüm siyasi nəticələrindən biri Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması oldu”.

Bunu açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhamın iştirakı ilə imzalanan sənəd iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini rəsmiləşdirdi.

“Bu sənədin əhəmiyyətini yalnız ikitərəfli münasibətlərin diplomatik səviyyədə genişləndirilməsi ilə ölçmək olmaz. Çünki Bəyannamə enerji, müdafiə və təhlükəsizlik, ticarət, investisiya, infrastruktur, rəqəmsallaşma, süni intellekt, təhsil və innovasiya kimi çoxsaylı istiqamətləri əhatə edir”, - komitə sədri bildirib.

S.Qurbanovun fikrincə, müasir dünyanın geosiyasi mənzərəsi sürətlə dəyişir. Enerji resursları uğrunda rəqabətin güclənməsi, qlobal təchizat zəncirlərində yaranan problemlər, yeni təhlükəsizlik təhdidləri və yaşıl enerji keçidinin sürətlənməsi dövlətlər qarşısında yeni strateji vəzifələr müəyyənləşdirir:

“Belə bir şəraitdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisi, xüsusilə Avropa ilə əməkdaşlığının genişlənməsi ölkəmizin xarici siyasətinin mühüm nəticələrindən biri kimi diqqət çəkir”.

O bildirib ki, noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu sammitində Prezident İlham Əliyevin iştirakı, dövlət başçısının Avropa liderləri ilə keçirdiyi görüşlər və Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması bu baxımdan xüsusi siyasi və geoiqtisadi əhəmiyyət daşıyır.

“Dublin sammiti Azərbaycanın Avropa ilə münasibətlərində yalnız diplomatik dialoqun deyil, həm də konkret iqtisadi, enerji, texnoloji və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi baxımından yeni imkanlar yaratdı. Prezident İlham Əliyevin sammit çərçivəsində iştirak etdiyi “Rəqabətqabiliyyətli Avropanın qurulması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada səsləndirdiyi fikirlər Azərbaycanın bu proseslərdəki strateji mövqeyini bir daha nümayiş etdirdi”,- komitə sədri vurğulayıb.

S.Qurbanov əlavə edib ki, bu gün Avropanın əsas prioritetlərindən biri enerji təhlükəsizliyinin təmin edilməsi, enerji mənbələrinin şaxələndirilməsi və etibarlı təchizat marşrutlarının qorunmasıdır:

“Son illərin geosiyasi prosesləri göstərdi ki, enerji sahəsində birtərəfli asılılıq iqtisadi risklərlə yanaşı, ciddi siyasi və təhlükəsizlik problemləri də yarada bilər. Buna görə də Avropa ölkələri etibarlı tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa, alternativ mənbələrə və yeni enerji infrastrukturlarına xüsusi əhəmiyyət verirlər.

Azərbaycan məhz bu mərhələdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi ön plana çıxır.

Prezident İlham Əliyevin Dublindəki çıxışında səsləndirdiyi rəqəmlər Azərbaycanın bu sahədəki mövqeyinin hansı səviyyəyə yüksəldiyini aydın göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizin Avropa İttifaqına qaz təchizatı illik 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu həcm Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edir”.

Komitə sədrinin fikrincə, digər mühüm məqam Azərbaycanın qaz təchizatı imkanlarının genişləndirilməsi perspektividir:

“Prezident İlham Əliyev yeni qaz yataqlarının aşkarlandığını və gələcəkdə Avropaya tədarükün artırılması imkanlarının mövcudluğunu diqqətə çatdırıb. Eyni zamanda, Cənub Qaz Dəhlizinin ötürücülük imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb”.

Deputat deyib ki, burada diqqət çəkən əsas məsələ Azərbaycanın sadəcə enerji resursları ixrac edən ölkə kimi deyil, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında uzunmüddətli məsuliyyət daşıyan strateji tərəfdaş kimi çıxış etməsidir:

“Bu, ölkəmizin siyasi nüfuzunu artırmaqla yanaşı, Avropa dövlətləri ilə iqtisadi münasibətlərdə də yeni imkanlar yaradır. Lakin Azərbaycanın enerji siyasətini yalnız ənənəvi enerji resurslarının ixracı ilə məhdudlaşdırmaq düzgün olmazdı. Çünki qlobal enerji sistemində baş verən dəyişikliklər yeni mərhələnin başlanmasını şərtləndirir. Artıq dünya enerji təhlükəsizliyinə yalnız neft və qazın hasilatı və nəqli kontekstində yanaşmır. Bərpaolunan enerji, elektrik enerjisinin ötürülməsi, enerji saxlama texnologiyaları və yaşıl enerji dəhlizləri yeni geoiqtisadi rəqabətin əsas istiqamətlərinə çevrilir”.

S.Qurbanov bildirib ki, Azərbaycanın günəş və külək enerjisi potensialı, Xəzər dənizinin geniş enerji imkanları, əlverişli coğrafi mövqeyi və mövcud enerji infrastrukturu rəsmi Bakının gələcəkdə Avropaya yaşıl enerji ixrac edən əsas tərəfdaşlardan birinə çevrilməsi üçün ciddi zəmin yaradır. Xüsusilə Xəzər dənizi-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi layihəsi bu baxımdan mühüm strateji əhəmiyyətə malikdir:

“Layihənin reallaşması Azərbaycanın enerji siyasətində yeni mərhələ açmaqla yanaşı, Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının da Avropa bazarlarına çatdırılması üçün əlavə imkanlar yarada bilər.

Bu, əslində, Azərbaycanın regional enerji mərkəzindən daha geniş coğrafiyanı əhatə edən yaşıl enerji və elektrik bağlantıları qovşağına çevrilməsi perspektividir.

Dublin sammiti bir daha təsdiqlədi ki, Azərbaycan yalnız bugünkü Avropanın enerji təhlükəsizliyində deyil, sabahın enerji, iqtisadi və təhlükəsizlik arxitekturasında da mühüm rol oynamaq potensialına malikdir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun artmasının, praqmatik xarici siyasətinin və milli maraqlara əsaslanan strateji kursunun mühüm nəticəsidir”.