2026-cı ilin yekunlarına əsasən, yetkin yataqlarda hasilatın təbii azalmasına baxmayaraq, Azəri-Çıraq-Günəşli (AÇG) yatağında ilin əvvəlindəki göstəricilərlə müqayisədə neft hasilatının artacağı gözlənilir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə geologiya və işlənmə (Subsurface) üzrə vitse-prezidenti Den Sparks SOCAR və bp-nin Enerji Dialoqu Platforması çərçivəsində keçirilən "AÇG-dən maksimum neftverməyə dəstək — yeni yanaşmalar və texnologiya” mövzusunda məlumatlandırma sessiyasında bildirib.
Onun sözlərinə görə, qazma işlərinə investisiyaların daha da artırılması imkanları təbii istehsalat şəraiti ilə məhdudlaşır.
“Quyularda eyni vaxtda aparılan işlər və qazma əməliyyatları, eləcə də mövcud bütün qazma qurğularının istismara cəlb edilməsi onların və platformaların sayını qısa müddətdə artırmağa imkan vermir”, – deyə Sparks bildirib.
O qeyd edib ki, bu səbəbdən şirkətlər məhsuldarlığın artırılmasına diqqət yetiriblər.
“İşlər iki istiqamətdə aparılır: mövcud qazma qurğuları parkı ilə il ərzində qazılan quyuların sayının artırılması və hər bir quyu vasitəsilə məhsuldar layın açılan hissəsinin uzunluğunun artırılması.
Bunun üçün qazma işlərinin səmərəliliyini yüksəltməyə və layın məhsuldar hissələrinə çıxışı genişləndirməyə imkan verən yeni quyu konstruksiyaları hazırlanıb. Xüsusilə, quyunun trayektoriyasını real vaxt rejimində tənzimləməklə layın məhsuldar hissəsini izləyərək onun boyunca qazma aparmağa imkan verən texnologiyalardan istifadə olunur”, – deyə Sparks bildirib.
O qeyd edib ki, bu yanaşmanın nümunələrindən biri üfüqi və çoxşaxtalı quyuların qazılmasıdır. Əvvəlcə şirkət bu texnologiyanı uzunluğu bir neçə yüz metr olan sahələrdə uğurla sınaqdan keçirib, daha sonra lay daxilində üfüqi hissəsinin uzunluğu 1 000 metr olan quyu qazıb.
“Sonrakı mərhələdə texnologiya yatağın daha mürəkkəb və əvvəllər işlənməmiş sahəsində tətbiq edilib. Burada lay daxilində qazma hissəsinin uzunluğu 2 000 metrə çatıb. Bu quyu son 10 ildən artıq müddətdə AÇG-də ən yüksək məhsuldarlığa malik quyulardan birinə çevrilib”, – deyə o əlavə edib.
Sparks izah edib ki, məhsuldarlığın artırılması yeni qazma texnologiyalarının tətbiqi, layın açılan hissəsinin uzunluğunun artırılması və əvvəlki işlənmə mərhələlərindən sonra neftin qaldığı sahələri müəyyən etməyə imkan verən 4D seysmik tədqiqatların nəticələrinin birləşdirilməsi hesabına təmin olunur.
Onun sözlərinə görə, cari ildə məhsuldar laylarda qazma metrajı ötən illə müqayisədə təxminən 50 faiz artıb. O qeyd edib ki, bununla yanaşı, şirkətlər həm belə qazma işlərinin sayını, həm də layın açılan hissələrinin uzunluğunu artırmağa nail olublar.
O, həmçinin görülən tədbirlər nəticəsində AÇG-də hasilatın təbii azalma tempinin təxminən 12 faizdən 3 faizə endirildiyini bildirib.
“Hasilatın azalma tempini təxminən 12 faizdən 3 faizə endirdikdən sonra, görünür, bu il AÇG-də hasilatı ilin əvvəlindəki göstəricidən daha yüksək səviyyədə başa vuracağıq. Bu, yetkin yataq üçün inanılmaz nəticədir”, – deyə Sparks vurğulayıb.