Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Tərcümə Mərkəzinə ayrılan büdcənin quruma qaytarılmasını istəyib.
O bildirib ki, həmin vəsait Azərbaycan ədəbiyyatının və mədəniyyətinin xarici dillərə tərcüməsinə yönəldilməlidir.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı, ordusu və siyasəti ilə dünyada tanınsa da, mədəniyyət ölkə hüdudlarından kənarda yetərincə təbliğ olunmur.
Rzayev Azərbaycan yazıçılarının əsərlərinin, həmçinin ölkənin musiqisi, rəssamlığı, teatrı və kinosu haqqında kitabların xarici dillərə çevrilməsinin vacibliyini vurğulayıb.
“Biz deyirik ki, dünyada tanınmırıq, tərcümə eləməyincə necə tanınacaq?” – o bildirib.
Rzayev deyib ki, Yazıçılar Birliyinin binasında Tərcümə Mərkəzinin fəaliyyəti üçün şərait yaradılmasını, həmin məkanın kitabxana, muzey və görüşlər üçün istifadə olunmasını istəyirlər.
O, əlavə maliyyə tələb etmədiklərini, yalnız Tərcümə Mərkəzinə ayrılan büdcənin Yazıçılar Birliyinə qaytarılmasını xahiş etdiklərini bildirib.
Yazıçı peşəkar sənət adamlarının cəmiyyətdə xüsusi yerinin olmasının vacibliyini də qeyd edib.
“Peşəkar rəssam, peşəkar bəstəkar, peşəkar yazıçının ömrü bu işə həsr olunub və onun fikri, onun zövqü, onun dedikləri ilə hesablaşmaq lazımdır”, – Rzayev deyib.