Cümə axşamı “Outlook” da daxil olmaqla, “Microsoft”un bütün platformalarının işində genişmiqyaslı nasazlıq baş verib. Nəticədə bir çox istifadəçi elektron poçt hesablarından istifadə zamanı problemlərlə və texnologiya nəhənginin tətbiqlər paketindəki digər xətalarla üzləşib.
Cümə günü səhər tezdən “Microsoft” nasazlığın aradan qaldırılması üçün atılan addımların gözlənilən nəticəni vermədiyini və şirkətin alternativ həll yolları axtardığını bildirib.
“Xidmətin fəaliyyətinin yaxşılaşdırılmasına yönəlmiş dəyişikliklərin nəticələrini izləyirik və təsdiq edirik ki, onlar gözlənilən effekti vermir. Trafikin idarə olunmasında davam edən disbalans şəraitində ötürmə qabiliyyətini artırmaq üçün tətbiq edilə biləcək alternativ iş proseslərini müəyyənləşdiririk”, – deyə “Microsoft” “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Microsoft” bu nasazlığı infrastrukturun “yüksək yüklənməsi” ilə əlaqələndirib. Problem şirkətin “Teams” platforması və süni intellekt əsaslı “Copilot” köməkçisi kimi digər məhsullarına da təsir göstərib.
Nasazlıq bir saat ərzində qlobal miqyas alaraq 74 ölkə və ərazidə “Microsoft” məhsullarının fəaliyyətini dayandırıb. AZƏRTAC xəbər verir ki, bu barədə nasazlıqları izləyən “Downdetector” xidməti məlumat yayıb.
“Downdetector”in “X” sosial şəbəkəsində dərc olunan xəritədə nasazlığın bütün Amerika qitəsində, eləcə də Avropa, Asiya və Afrikanın bəzi bölgələrindəki istifadəçilərə təsir göstərdiyi nümayiş etdirilib.
“Downdetector”in məlumatına görə, ABŞ-də Şərq vaxtı ilə saat 13:00-dan (Qrinviç vaxtı ilə 18:00) qısa müddət sonra təxminən 130 min istifadəçi “Outlook”un işində problemlərlə üzləşdiyini bildirib.
Bundan sonra nasazlıqlarla bağlı müraciətlərin sayı nisbətən azalıb. Şərq vaxtı ilə saat 18:00-da (Qrinviç vaxtı ilə 23:00) təxminən 37 min istifadəçi hələ də “Outlook”un işində problemlər olduğunu bildirirdi.
Əvvəlcə “Microsoft” “Amerikada” baş verən nasazlıqla bağlı məlumatları araşdırdığını açıqlayıb. Lakin sonradan şirkət problemin istənilən regionda olan istifadəçilərin “Microsoft 365” xidmətlərinə qoşulmasına təsir göstərdiyini təsdiqləyib.
Şirkətin abunə əsasında təqdim etdiyi bulud xidməti olan “Microsoft 365”ə “Outlook” və “Teams” kimi geniş istifadə olunan tətbiqlər daxildir.
“İnfrastrukturun bir hissəsinin bir neçə regionda yüksək yüklənməyə məruz qaldığını müəyyən etmişik. Bu vəziyyət, ehtimal ki, qoşulma xətalarına səbəb olur”, – deyə şirkət “X” sosial şəbəkəsində yazıb.
“Nasazlığın təsirini azaltmaq üçün bütün imkanlarımızı səfərbər edirik. Təsirə məruz qalmış infrastrukturdan əlavə trafiki başqa istiqamətə yönəldir və fəaliyyəti bərpa etmək üçün nasazlığın təsirinə məruz qalmış serverləri yenidən işə salırıq”, – deyə şirkətin paylaşımında əlavə olunub.
“Microsoft”un xidmətlərinin işində yaranan nasazlıq bəzi ölkələrdə hələ də davam edir. Belə ki, problemin aradan qaldırılması istiqamətində aparılan işlərə baxmayaraq, istifadəçilərin bir qismi şirkətin xidmətlərindən istifadə zamanı çətinliklərlə üzləşməkdə davam edir.
Mənbə: AZƏRTAC