Kənd təsərrüfatı məhsullarına tətbiqi nəzərdə tutulan 10 faizlik verginin qüvvəyə minmə müddətinin uzadılmasını təklif edilib.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin 3 komitəsinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
T.Rzayev bildirib ki, gübrələrin, texniki xidmətlərin və yanacağın qiymətinin artdığı bir şəraitdə kənd təsərrüfatı məhsullarına verginin tətbiqi fermerlər üçün əlavə çətinliklər yarada bilər.
“Belə bir vaxtda verginin tətbiq olunması gələcək üçün çətinliklər yarada bilər. Bunun vaxtının uzadılmasını bir vətəndaş kimi, deputat kimi xahiş edərdim. Çünki uzun müddətdir kənd təsərrüfatına bu vergilər tətbiq olunmur və sahibkarlar müəyyən qədər ərsəyə durublar. Bundan sonra da bu məsələyə önəm verilsə, daha yaxşı olar”, – deyə komitə sədri vurğulayıb.
Deputat kənd təsərrüfatına ayrılan büdcə vəsaitinin artırılmasını da müsbət qiymətləndirib. Onun sözlərinə görə, növbəti ildə aqrar sektor üzrə xərclərin 153 milyon manat artırılması kənd təsərrüfatının inkişafına töhfə verə bilər.
T.Rzayev ərzaq təhlükəsizliyinin təmin olunması, məşğulluğun artırılması və yerli istehsalın genişləndirilməsi baxımından aqrar sektorun xüsusi əhəmiyyət daşıdığını bildirib.