Şimali Koreya ilk dəfə dövlət bayrağının ölçülərində dəyişiklik edib.
“Yonhap” agentliyinə istinadla, konstitusiya dəyişikliyi ilə ölkə bayrağının en-uzunluq nisbəti yenidən müəyyənləşdirilsə də, qırmızı ulduz və rənglərdən ibarət əsas dizayn qorunub saxlanılıb.
Belə ki, əvvəllər hündürlüyünün eninə nisbəti 1:2 olan bayraqda bu göstərici 1:1,65 olaraq dəyişdirilib.
Nəticədə, bayrağın hündürlüyü sabit qalmaqla eni əvvəlki dizaynla müqayisədə qısaldılıb.
Yeni tənzimləmədə bayrağın əsas rəmzlərinə toxunulmayıb. Ortadakı enli qırmızı zolaq, yuxarı və aşağı hissələrdəki ağ və mavi zolaqlar, eləcə də ağ dairə içərisindəki qırmızı beşguşəli ulduz olduğu kimi saxlanılıb.
Rəsmi izahata görə, bayraqdakı qırmızı rəng Yaponiya müstəmləkəçiliyinə qarşı mübarizə aparanların tökdüyü qanı, ağ rəng xalqın hakim Fəhlə Partiyasına sədaqətini, mavi zolaqlar isə müstəqillik, sülh və həmrəyliyi təmsil edir.
Mütəxəssislər bu addımı Şimali Koreya lideri Kim Çen İnin ölkədə öz idarəçilik baxışlarına uyğun yeni milli kimlik formalaşdırmaq cəhdləri ilə əlaqələndirirlər.