2026-cı il noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyanın paytaxtı Dublinə səfəri ölkəmizin Avropa ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığının genişləndirilməsi baxımından mühüm hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirakı, Avropa ölkələrinin liderləri ilə keçirdiyi görüşlər, Ermənistanın Baş naziri Nikol Paşinyanla təmasları və Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi səfərin əsas nəticələrini təşkil etdi.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Dublin görüşləri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, Avropanın enerji təhlükəsizliyindəki mövqeyini və Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi prosesində əhəmiyyətini bir daha nümayiş etdirdi. Səfərin diqqətçəkən tərəfi ondan ibarət idi ki, müzakirələr yalnız ənənəvi enerji əməkdaşlığı ilə məhdudlaşmadı, nəqliyyat bağlantıları, investisiyalar, müdafiə sənayesi, rəqəmsal texnologiyalar və regional təhlükəsizlik kimi istiqamətləri də əhatə etdi.
Prezident İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirak etdi. “Avropa – güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan sammitdə 50-yə yaxın dövlət və hökumət başçısı bir araya gəldi. Tədbirin gündəliyinə rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, Avropanın təhlükəsizliyi və müdafiəsi daxil idi.
Prezident İlham Əliyevin sammitdə iştirakı ölkəmizin Avropa üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirəsində iştirakının göstəricisi idi. Azərbaycanın coğrafi mövqeyi, enerji resursları, nəqliyyat infrastrukturu və regionda formalaşan yeni iqtisadi əlaqələr ölkəmizi Avropa ilə Asiya arasında əməkdaşlığın mühüm iştirakçılarından birinə çevirir", - o bildirib.
Onun sözlərinə görə, Zirvə toplantısı çərçivəsində keçirilən “Rəqabətqabiliyyətli Avropanın yaradılması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışdı.
"Prezident İlham Əliyev bildirdi ki, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandıqdan sonra Avropa İttifaqına qaz təchizatı illik 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırılıb. Bu həcm Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edir.
Prezident İlham Əliyev həmçinin Bakıdan İtaliyaya uzanan və yeddi ölkənin ərazisindən keçərək Avropa İttifaqının 10 üzv dövlətini qazla təmin edən boru kəməri sisteminin tam gücü ilə işlədiyini diqqətə çatdırdı. Yunanıstan və İtaliya istiqamətində ötürücülük imkanlarının 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə yüksəldildiyini qeyd edən Prezident İlham Əliyev gələcəkdə qaz təchizatının artırılması imkanlarına da toxundu.
Bu rəqəmlər Azərbaycanın Avropa enerji bazarındakı mövqeyinin konkret göstəriciləridir. Eyni zamanda, ölkəmizin əməkdaşlıq gündəliyi ənənəvi enerji resursları ilə məhdudlaşmır. Bərpaolunan enerji potensialının inkişafı, yaşıl enerji layihələri və yeni ixrac marşrutları da Azərbaycan-Avropa tərəfdaşlığının perspektivli istiqamətlərindəndir", - o bildirib.
A.Qarayev qeyd edib ki, səfərin ən mühüm siyasi nəticələrindən biri Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu.
"Prezident İlham Əliyev noyabrın 12-də Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşündə sənədi mübadilə etdi. Tərəflər bu addımın ikitərəfli münasibətləri rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini vurğuladılar. Sənəd üç əsas istiqaməti – müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiyanı əhatə edir. Burada müdafiə sənayesi, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, Orta Dəhlizin inkişafı, bərpaolunan enerji, yaşıl maliyyələşdirmə, süni intellekt, rəqəmsallaşma və elmi tədqiqatlar üzrə əməkdaşlıq nəzərdə tutulur. Bundan başqa, tərəflər bəyannamənin icrasını qiymətləndirmək və gələcək prioritetləri müəyyənləşdirmək üçün illik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılığa gəliblər.
Sənəddə Azərbaycanın Ermənistanla davamlı sülhə nail olmaq istiqamətində səylərinə Böyük Britaniyanın dəstəyinin bir daha təsdiqlənməsi də xüsusi əhəmiyyət daşıyır. Bu məqam Londonun Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına dair mövqeyinin ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini göstərir.
Prezident İlham Əliyev görüşdə Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu və enerji sahəsində əməkdaşlığın 30 ildən artıq tarixə malik olduğunu vurğuladı. Bununla yanaşı, bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində yeni imkanlar diqqətə çatdırıldı", - o bildirib.
Politoloq vurğulayıb ki, Dublin səfərinin digər mühüm istiqaməti Avropa ölkələrinin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlər oldu.
"Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Bolqarıstanın Baş naziri Rumen Radev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis, Çexiyanın Baş naziri Andrey Babiş, Rumıniya Prezidenti Nikuşor Dan, Litva Prezidenti Gitanas Nauseda və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşlər keçirdi.
Ukrayna Prezidenti ilə görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, özəl sektorun iştirakı və qarşılıqlı səfərlər müzakirə olundu. Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımına, xüsusilə elektrik avadanlıqlarının təchizatına görə təşəkkürünü bildirdi. O, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin Ukrayna üçün də əhəmiyyətli təcrübə ola biləcəyini qeyd etdi.
Moldova Prezidenti ilə görüşdə enerji təhlükəsizliyi, iqtisadi-ticari əlaqələr və kənd təsərrüfatı sahəsində əməkdaşlıq ön plana çıxdı. Bolqarıstan və Yunanıstan rəhbərləri ilə təmaslarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, xüsusilə qaz ixracı və TAP layihəsinin əhəmiyyəti müzakirə edildi. Çexiya ilə iqtisadi-ticari əlaqələr, investisiyalar və Azərbaycanın bu ölkənin ən iri neft təchizatçısı olması diqqətə çatdırıldı. Rumıniya ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi, enerji və nəqliyyat bağlantıları, müdafiə sənayesi və təhsil sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirildi. Litva Prezidenti ilə görüşdə isə siyasi münasibətlərin inkişafı, iqtisadiyyat, enerji və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi müzakirə olundu.
Antonio Koşta ilə görüşdə Azərbaycanın Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac etdiyi vurğulandı. Tərəflər uzunmüddətli enerji müqavilələrinin və maliyyə mexanizmlərinin əhəmiyyətini, bərpaolunan enerjinin Avropa bazarına çatdırılması imkanlarını və Orta Dəhlizin inkişafını müzakirə etdilər. Naxçıvan dəmir yolu layihəsi üzrə Avropa İttifaqının qiymətləndirməsinin tezliklə yekunlaşdırılacağı da bildirildi", - o bildirib.
Onun sözlərinə görə, səfərin xüsusi diqqət çəkən görüşlərindən biri Prezident İlham Əliyevin Nikol Paşinyanla təması oldu.
"Liderlər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara əsaslanaraq, Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsini müzakirə etdilər. Nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri əsas müzakirə mövzuları oldu.
Bu görüşün əhəmiyyəti Azərbaycanın regional sülh prosesində birbaşa iştirakını və gündəliyin praktiki məsələlər ətrafında inkişaf etdiyini göstərir. Xüsusilə nəqliyyat və tranzit məsələlərinin müzakirəsi regionun gələcək iqtisadi arxitekturası baxımından diqqətəlayiqdir.
Ümumilikdə, Prezident İlham Əliyevin Dublin səfəri bir neçə mühüm nəticə ilə yadda qaldı. Azərbaycan Avropanın siyasi dialoqunda fəal iştirakını davam etdirdi, enerji təhlükəsizliyi sahəsində tərəfdaş kimi mövqeyini konkret göstəricilərlə nümayiş etdirdi, Böyük Britaniya ilə münasibətlərini yeni strateji çərçivəyə çıxardı və Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm müzakirələr apardı.
Ən vacib məqam isə Azərbaycanın Avropa üçün əhəmiyyətinin müxtəlif sahələr üzrə genişlənməsidir. Enerji təchizatçısı, Şərq-Qərb nəqliyyat bağlantılarının iştirakçısı və Cənubi Qafqazda sülh gündəliyinin əsas tərəfi kimi ölkəmizin rolu Dublin təmaslarında aydın şəkildə öz əksini tapdı. Bu baxımdan səfər Azərbaycanın Avropa ilə münasibətlərində yeni əməkdaşlıq imkanlarının formalaşması və mövcud tərəfdaşlıqların daha geniş məzmun qazanması baxımından əhəmiyyətli siyasi hadisə kimi qiymətləndirilə bilər", - A.Qarayev əlavə edib.