Şəhid baş leytenant Rövşən Nurzadənin anım mərasimi keçirildi

Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi, baş leytenant Rövşən Əli oğlu Nurzadənin anım mərasimi keçirilib.

Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar şəhidin məzarı önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. Anım mərasimindən sonra şəhidin əziz xatirəsinə ehtiram əlaməti olaraq Təzə Pir məscidində ehsan mərasimi keçirilib.

Rövşən Nurzadə 1975-ci il martın 24-də Sumqayıt şəhərində anadan olub. Əslən Ağsu rayonundan olan Rövşən Nurzadə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. Hərbi Akademiyada təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətə başlayıb. Uzun illər orduda xidmət edən Rövşən Nurzadə baş leytenant rütbəsi ilə hərbi xidmətdən tərxis olunub.

Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılan Rövşən Nurzadə Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Rövşən Nurzadə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.