Rusiya 2022-ci ilin fevralından Ukraynaya qarşı apardığı müharibədə azı 450 min hərbçisini itirib. Ölüm hallarının qeydiyyatında gecikmələr nəzərə alınarsa, 2026-cı ilin avqust ayının əvvəlinə real itkilərin bundan 100 min nəfər çox - təxminən 550 min nəfər olduğu ehtimal edilir.
Böyük Britaniyanın “Financial Times” qəzetinin Rusiyanın Federal Dövlət Statistika Xidmətindən (“Rosstat”) sızdırılmış sənədlər əsasında apardığı araşdırmada belə deyilir.
Araşdırmaya görə, Rusiya ordusunun itkiləri indiki templə davam edərsə, 2026-cı ilin sonuna qədər müharibədə ölən hərbçilərin sayı 650 minə çata bilər.
“Financial Times” qəzetinin jurnalistləri “Rosstat”ın 11,5 milyon ölüm faktı haqqında məlumatı əhatə edən bazasını araşdırıblar. Bazada müharibə ilə əlaqəli təxminən 410 min ölüm faktı birbaşa qeydə alınıb. Daha 12 min hərbçinin ehtimal olunan ölümü dolayı əlamətlər əsasında müəyyən edilib. Bundan başqa, yaxınları həlak olan hərbçilərin cəsədlərini ala bilmədikdə tətbiq olunan məhkəmə prosedurları vasitəsilə çağırış yaşında olan 42 min kişinin ölümü təsdiqlənib.
Sənədlər Rusiya ordusunun cəbhənin nisbətən kiçik ərazilərində irəliləmək üçün nə qədər böyük itkilər verdiyini göstərir. Avdeyevka və Pokrovsk istiqamətlərində təxminən 120 min, Baxmut ətrafındakı döyüşlərdə isə 48 min rusiyalı həlak olub.
Bu ərazilərin hər biri uğrunda döyüşlərdə Rusiyanın verdiyi itkilər Sovet İttifaqının Əfqanıstan müharibəsindəki rəsmi itkilərindən dəfələrlə çoxdur. Rəsmi məlumatlara görə, Əfqanıstandakı müharibədə təxminən 15 min sovet hərbçisi həlak olub.
Almaniyanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Yanis Kluqe “Financial Times” qəzetinə deyib ki, 2025-ci ildə hücumların ən intensiv olduğu aylarda Rusiyanın aylıq itkiləri on minlərlə ölçülüb.
Ekspert Rusiyanın itkiləri əvəzləməkdə ciddi çətinliklərlə üzləşdiyini də vurğulayıb. Onun sözlərinə görə, hər ay 35 min hərbçi cəlb etmək rəsmi hədəfinə baxmayaraq, Rusiya bu göstəriciyə sabit şəkildə nail ola bilmir. Mövcud cəlbetmə tempi belə miqyasda itkiləri kompensasiya etmək üçün kifayət etmir.
Araşdırma Rusiya ordusunda həlak olan hərbçilərin orta yaşının artdığını da üzə çıxarıb. İşğalın ilk ilində ölən hərbçilərin orta yaşı 34 olduğu halda, 2025-ci ildə bu göstərici 40-a yüksəlib.
Ən çox itki 35-44 yaşlı kişilər arasında qeydə alınıb. Bu yaş qrupundan 158 min nəfər müharibədə həlak olub. Ölənlərin təxminən 10 faizini isə 18-24 yaşlı hərbçilər təşkil edir.
Müharibənin ağır nəticələri xüsusilə Rusiyanın yoxsul bölgələrində və milli azlıqların çoxluq təşkil etdiyi ərazilərdə hiss olunur. Zabaykal diyarından 12 mindən çox insan həlak olub. Bu, regionun hər 80 sakinindən birinin müharibədə öldüyü deməkdir. Başqırdıstanda isə ölənlərin sayı 16 min nəfərə yaxınlaşıb.
Yanis Kluqe büdcə ödənişlərinin təhlilinin Rusiyanın itkilərinin azalmadığını göstərdiyini bildirib. Onun sözlərinə görə, mütəxəssislər həlak olan hərbçilərin ailələrinə ödənilən kompensasiyalarla bağlı büdcə məlumatlarını araşdırırlar və oktyabr ayında da itkilərin səviyyəsində azalma müşahidə edilməyib.
Beləliklə, “Financial Times”ın qiymətləndirməsinə görə, Rusiya 2026-cı ilin sonunadək Ukrayna müharibəsində 650 min hərbçisinin ölümü ilə üzləşə bilər. Bu rəqəmə yaralılar daxil deyil. Rusiya ordusu bu itkiləri Ukrayna ərazisinin nisbətən kiçik sahələrində irəliləmək uğrunda döyüşlərdə verib.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişən kimi Rusiya Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına dağıdıcı hücumlarla müşayiət olunur.