Bakı, 13 noyabr, AZƏRTAC Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Esseks Universitetində hüquq sahəsi üzrə doktorantura təhsili alan İlham Qasımov həmin universitetin Hüquq fakültəsində müəllim kimi fəaliyyətə başlayıb. Dövlət Proqramı İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, İlham Qasımov universitetin Hüquq fakültəsində elan edilmiş akademik vəzifə üzrə müsabiqədən uğurla keçərək müəllim heyətinə qəbul olunub. Hazırda doktorantura təhsilini davam etdirən təqaüdçü 2026/2027-ci tədris ilinin payız semestrindən etibarən bakalavriat səviyyəsində tədris olunan “Cinayət hüququ” (Criminal Law) fənni üzrə seminar məşğələlərini aparır. Onun yaz semestrindən başlayaraq tələbələrin imtahan işlərinin qiymətləndirilməsi prosesində də iştirakı nəzərdə tutulur. İlham Qasımovun doktorantura üzrə elmi tədqiqatı Avropa İttifaqının cinayət hüququ sahəsini əhatə edir. Tədqiqat Avropa İttifaqına üzv dövlətlərdə cinayət işləri üzrə sübutların məhkəmədə istifadəsinə dair hüquqi qaydaların uyğunlaşdırılması imkanlarının araşdırılmasına həsr olunub. Dövlət Proqramı təqaüdçüsü elmi fəaliyyətini beynəlxalq akademik platformalarda da davam etdirir. O, sentyabrın 2-4-də Böyük Britaniyanın Şərqi İngiltərə Universitetində keçirilən Hüquqşünas Alimlər Cəmiyyətinin 117-ci illik konfransında iştirak edib. Konfransın “Cinayət hüququ” panelində çıxış edən İlham Qasımov doktorluq dissertasiyası çərçivəsində apardığı tədqiqatın nəticələrini beynəlxalq akademik ictimaiyyətə təqdim edib. Qeyd olunub ki, 1908-ci ildə təsis edilmiş Hüquqşünas Alimlər Cəmiyyəti Böyük Britaniyada hüquq sahəsində fəaliyyət göstərən ən qədim və böyük elmi cəmiyyətlərdən biridir. Təşkilatın illik konfransı hüququn müxtəlif istiqamətləri üzrə tədqiqat aparan alim və mütəxəssisləri bir araya gətirərək aktual hüquqi məsələlərin və yeni elmi yanaşmaların müzakirəsi üçün platforma rolunu oynayır. İlham Qasımov bundan əvvəl Almaniyanın Saarland Universitetinin “Europa-Institut”unda “Avropa və beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. Magistr dissertasiyasında Avropa İttifaqı Ədalət Məhkəməsi ilə Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə hakimiyyətinin müstəqilliyinə dair hüquqi yanaşmalarını müqayisəli şəkildə araşdırıb. Bununla yanaşı, təqaüdçü Böyük Britaniyada fəaliyyət göstərən “The Brilliant Club” təşkilatında doktorant-təlimçi (PhD Tutor) kimi çalışıb. Bu çərçivədə şagirdlər üçün kiçik qruplarda akademik məşğələlər keçirib, onların yazı işlərini qiymətləndirib, analitik düşünmə və akademik yazı bacarıqlarının inkişafına dəstək göstərib.