Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək.
Bu barədə iki dövlət arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamədə qeyd olunub.
Vurğulanıb ki, dövlətlər ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eləcə də davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək ambisiyalarını ortaq qəbul ediblər.
Bundan başqa Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı bərpa olunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, bilik mübadiləsini və qarşılıqlı fəaliyyəti asanlaşdırmaqla, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələri təşviq etməklə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirəcəklər
"İştirakçılar regional və beynəlxalq bağlantıların vacibliyini vurğulayır və sərhədyanı ticarət və investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyəcəklər.
Onlar iqlim dəyişikliyinə davamlılığı, dayanıqlığı və sıfır hədəflərinə doğru irəliləyişi, eləcə də enerji təhlükəsizliyini dəstəkləmək məqsədilə bərpa olunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar da daxil olmaqla təmiz enerji keçidi üzrə əməkdaşlıq edəcəklər.
İştirakçılar, davamlı investisiya, ticarət maliyyəsi, KOB-ların artımı və yaşıl maliyyələşdirməni dəstəkləmək məqsədilə müvafiq orqanlar və maliyyə qurumları arasında dialoq vasitəsilə maliyyə və kapital bazarlarında əməkdaşlığı dərinləşdirmək imkanlarını araşdıracaqlar. Onlar, müvafiq qanunlarına və qaydalarına uyğun olaraq, maliyyə sektorunun dayanıqlığını, şəffaflığını və beynəlxalq bazarlara çıxışını gücləndirən bilik mübadiləsini və institusional əməkdaşlığı asanlaşdıracaqlar.
İştirakçılar iqtisadi, ticarət və investisiya əməkdaşlığını, həmçinin texniki dialoqu stimullaşdıran mexanizmi kimi Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi əhəmiyyət verirlər. Onlar bundan investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüsləri irəlilətmək üçün əsas platforma kimi istifadə edəcəklər", - deyə bəyannamədə qeyd olunub.