Dublin, 12 noyabr, AZƏRTAC İnsanlar hər zaman “Avropanı kim təmsil edir?” sualını veriblər. Bizim Aİ Şurasının Prezidenti Antonio Koşta var və o, üzv dövlətləri təmsil edir. Həmçinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəmiz Kaya Kallas var. Lakin günün sonunda biz Avropa Birləşmiş Ştatları deyilik, 27 ayrı-ayrı ölkəyik. Buna görə də məsələ o qədər də sadə deyil. Əslində, belə də olmalıdır. Çünki biz federal Avropa uğrunda mübarizə aparmırıq.AZƏRTAC xəbər verir ki, bunu İrlandiyanın Avropa işləri və müdafiə məsələləri üzrə dövlət naziri Tomas Birn Dublində jurnalistlərə açıqlamasında deyib.“Bununla belə, Avropa səviyyəsində bizi təmsil edən çox yaxşı nümayəndələrimiz olub. Ukrayna məsələsində yekdillik nümayiş etdirərək birlikdə böyük işlər görmüşük. Yekdillik tələb edən 20-dən çox sanksiya paketi qəbul etmişik. Bu, Avropa İttifaqı olaraq böyük səylər və genişmiqyaslı iş nəticəsində mümkün olub”, – deyə nazir əlavə edib.Tomas Birnin sözlərinə görə, İrlandiya da bu prosesə öz töhfəsini verə bilər.“Sanksiyalarımız çox mühüm rol oynayıb və əminəm ki, bu prosesin davamını görəcəyik. Finlandiya Prezidenti Aleksandr Stubbun və Norveçin Baş naziri Yonas Qar Styorenin bu yaxınlarda apardıqları danışıqları dəstəklədik. İrlandiya mediasında yayılan xəbərlərdən də göründüyü kimi, hazırkı prosesin uğurla nəticələnməsini arzulayırıq.Biz sülh istəyirik, çünki baş verənlər ukraynalılara çox ağır təsir göstərir. İnsanlar öldürülür, yaralanırlar. Bu müharibə, həmçinin Avropa İttifaqının digər üzv ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir”, – deyə nazir vurğulayıb.