Dublin, 12 noyabr, AZƏRTAC “Bu gün süni intellekt, enerji əlçatanlığı və bağlantı olmaqla üç əsas mövzunu müzakirə etdik. Bu üç istiqamət Malta üçün çox vacibdir. Hər bir mövzuya əvvəlcə ölkəmizin perspektivindən yanaşdıq, daha sonra isə onların daha geniş Avropa kontekstində necə göründüyünü müzakirə etdik”.AZƏRTAC xəbər verir ki, bunu Maltanın Baş naziri Robert Abela Dublində jurnalistlərə açıqlamasında deyib.“Birinci məsələ süni intellektlə bağlıdır. Bu mövzuda büdcə ilə bağlı çıxışımda istifadə etdiyim analogiyaya – ikili təhlükə amilinə diqqət çəkdim. Bu təhlükələrdən biri süni intellektin iş yerlərinə və məhsuldarlığa təsiri ilə bağlıdır. Digəri isə hazırda mövcud olan iş yerlərinin süni intellektin tətbiqi nəticəsində ölkə hüdudlarından kənara köçürülməsi riskidir.Bu məsələnin həlli süni intellekti məhdudlaşdırmaq deyil. Əksinə, əhalimizin bu texnologiyalardan istifadə etməsi üçün proqramlar hazırlamaq və müvafiq proqram təminatını tətbiq etmək lazımdır. Beləliklə, bu mühüm sektorda çalışan əməkdaşlarımız yeni şəraitə uyğunlaşa bilərlər”, – deyə Baş nazir bildirib.