Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlmək istəyirik"

Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının oyununda səfərdə Lixtenşteyn yığmasına qalib gəlmək istəyir.

Bunu Azərbaycan komandasının müdafiəçisi Toral Bayramov sözügedən matçdan öncə baş tutan mətbuat konfransında deyib.

Futbolçu qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

"Arxada qalan Zəfər Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Oyuna gəlincə, Bakıdakı matçda hesab açılmamışdı. Rəqib meydanında qələbə qazanmaq istəyirik. Komandamıza inam var, bu görüşə ciddi hazırlaşmışıq. İnanırıq ki, istədiyimizi meydanda həyata keçirməklə xalqımıza qələbə sevinci bəxş edə biləcəyik".

Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.