Ədalət mühakiməsində vəkillik fəaliyyətinin rolu - Hüquqşünasın baxış bucağı

Hüquqi dövlətin əsas xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, qanunun aliliyinə və ədalət mühakiməsinin müstəqilliyinə hörmət olunmasıdır. Bu baxımdan ədalət mühakiməsinin həyata keçirilməsində vəkillik institutu mühüm yer tutur.Vəkillik fəaliyyəti yalnız hüquqi yardım göstərilməsi ilə məhdudlaşmır, eyni zamanda şəxslərin məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasına, tərəflərin prosesual bərabərliyinin təmin olunmasına və məhkəmə prosesində qanunçuluğun qorunmasına xidmət edir.

Ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyəti müəyyən mənada müdafiə institutun nə dərəcədə effektiv fəaliyyət göstərməsindən asılıdır. Peşəkar vəkilin iştirakı şəxsin hüquq mövqeyinin düzgün formalaşdırılmasına, sübutların qanunvericiliyin tələblərinə uyğun edilməsinə və hüquqların müdafiəsinin təmin olunmasına şərait yaradır.

1.Vəkillik institunun hüquqi dövlət quruculuğunda əhəmiyyəti

Vəkillik hüquqi dövlətin mühüm institutlarından biri olmaqla, hüquq və azadlıqların müdafiəsinin institusional təminatçısı kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 61- ci məddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit edir. Bu konstitusion təminat vəkillik fəaliyyətinin hüququ əsasını və ictimai əhəmiyyətini müəyyənləşdirir.

Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu vəkilliyin təşkilatı və hüququ əsaslarını, vəkillərin hüquq və vəzifələrini, habelə onların fəaliyyət prinsiplərini müəyyən edir.Vəkillik institutunun əsas məqsədi fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini təmin etməkdir. Bu fəaliyyət hüququ dövlətin əsas prinsiplərindən olan qanunun aliliyinin, ədalət və hüquq bərabərliyinin həyata keçirilməsinə mühüm töhfə verir.

2. Ədalət mühakiməsində vəkilin funksiyaları

Ədalət mühakiməsi prosesində vəkilin fəaliyyəti bir neçə mühüm istiqaməti əhatə edir.

İlk nəvbədə, vəkil müdafiə etdiyi və ya hüquqi yardım göstərdiyi şəxsin hüquqi müdafiələrini təmsil edir. O, qanunvericiliyin tələblərini nəzərə almaqla hüquqi mövqeyin formalaşdırılmasına, vəsatətlərin verilməsinə və sübutların təqdim edilməsinə kömək göstərir.

Cinayət mühakimə icraatında vəkilin müdafiə funksiyası xüsusi əhəmiyyət daşıyır. Təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi ədalətli məhkəmə araşdırmasının əsas şərt əsaslandırır.lərindən biridir. Vəkil ittihamın hüquqi və faktiki əsaslarını təhlil edir, müdafiə tərəfinin mövqeyini əsaslandırır, qanunsuz əldə edilmiş sübutlara etiraz edir və müdafiə etdiyi şəxsin hüquqlarının pozulmasının qarşısını almağa çalışır.

Mülki və inzibati məhkəmə icraatında isə vəkil şəxslərin və hüququ pozulmuş şəxslərin və ya mübahisələndirilən hüquqların müdafiəsində mühüm rol oynayır. Müqavilə münasibətlərindən və digər hüquqi münasiblərdən irəli gələn mübahisələrin həllində vəkilin peşəkar iştirakı məhkəmə araşdırmasının daha dolğun və obyektiv aparılmasına kömək edir.

3.Vəkillik və ədalət məhkəmə araşdırması hüququ

Ədalətli məhkəmə araşdırması hüququ beynəlxalq hüququn fundamental prinsiplərindən biridir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu təmin edir.

Həmin maddəyə əsasən, cinayət törətməkdə ittiham olunan hər bir şəxs özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək, müdafiəçiyə malik olmaq üçün kifayət qədər vəsaiti olmadıqda isə ədalət mühakiməsinin maraqlarını tələb etdikdə pulsuz hüquqi yardımdan istifadə etmək hüququna malikdir. Bu müddəalar vəkilliyin yalnız milli qanunvericilik baxımından deyil,həm də beynəlxalq insan hüquqları standartları baxımından mühüm əhəmiyyət daşıdığını göstərir.

Vəkilin məhkəmə prosesində iştirakı tərəflərin hüquqi imkanlarının balanslaşdırılmasına, müdafiə hüququnun real və effektiv təmin edilməsinə xidmət edir.

Beləliklə, vəkillik insitutu ədalətli məhkəmə araşdırmasının formal deyil, praktiki təminatlarından biri kimi çıxış edir.

4.Vəkilin müstəqilliyi və peşə etikası

Vəkillik fəaliyyətinin səmərəliliyi onun müstəqilliyindən birbaşa asılıdır. Vəkil öz peşə fəaliyyətini həyata keçirərkən qanunun tələblərinə, peşə etikasına və müdafiə etdiyi şəxsin qanuni mənafelərinə əsaslanmalıdır.

Vəkillik fəaliyyətinə qanunsuz müdaxilənin yolverməzliyi, vəkil sirrinin qurunması,müstəqillik və peşə məsuliyyəti vəkillik institunun əsas təminatlarıdır. Vəkil müdafiə etdiyi şəxsin hüquq və mənafelərini qoruyarkən qanunvericiliyin çərçivəsindən kənara çıxmamalı, məhkəməyə və prosesin digər iştirakçılarına hörmətlə yanaşmalı, peşə davranışı qaydalarına riayət etməlidir.

Vəkil sirrinin qorunması isə hüquqi yardım göstərilməsi zamanı qarşılıqlı etimadın formalaşması üçün vacib şərtdir.Bu təminat şəxsin öz hüquqi vəziyyəti barədə vəkilə sərbəst və dolgun məlumat verməsinə imkan yaradır.

5. Azərbaycanda vəkillik fəaliyyətinin inkişaf perspektivləri

Müasir dövrdə Azərbaycanda vəkillik institunun inkişafı hüquqi islahatların mühüm istiqamətlərindən biridir.Ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, hüquq yardımın əlçatanlığının genişləndirilməsi və vəkillərin peşəkarlıq səviyyəsinin artırılması bu sahədə əsas priorotetlər hesab olunur.

Bu istiqamətdə bir sıra məsələlər xüsusi diqqət tələb edir:

• Əhalinin bütün təbəqələri üçün keyfiyyətli hüquqi yardımın əlçatanlığının artırılması;

• Ödənişsiz hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi;

• Vəkillərin peşə hazırlığının və ixtisasartırma imkanlarının artırılması;

• Cəmiyyətin hüquqi maarifləndirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsi və.s.

Bu tədbirlərin həyata keçirilməsi vəkillik institunun nüfuzunun artmasına, hüquqi yardımın keyfiyyətinin yüksəlməsinə və nəticə etibarilə ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsinə şərait yarada bilər.

Beləliklə, vəkillik fəaliyyəti ədalət mühakiməsinin ayrılmaz və mühüm elementlərindən biridir. Vəkil yalnız konkret şəxsin hüquq və mənafelərinin müdafiəçisi deyil, eyni zamanda qanunun aliliyinin, insan hüquqlarının və ədalətli məhkəmə araşdırması prinsiplərinin təmin olunmasına töhfə verən hüquq institunun nümayəndəsidir. Nəticə etibarilə, güclü və müstəqil vəkillik insitutu olmadan hüquqi dövlətin və ədalətli məhkəmə sisteminin tam formalaşmasını təsəvvür etmək mümkün deyil.

Vəkillik fəaliyyətinin inkişaf etdirilməsi və onun institusional təminatlarının gücləndirilməsi, hüquqi dövlətin quruculuğunun və demokratik cəmiyyətin davamlı inkişafının vacib şərtlərindən biridir.

Azər Arif oğlu Kazımlı,

Milli Aviasiya Akademiyasının magistrantı