"Gecə yatarkən çox tərləmə şikayəti poliklinikada 10 anadan 7-8-indən aldığım suallardan biridir. Bu, hər zaman xəstəlik əlaməti olmasa da, bəzən diqqət tələb edə bilər".
Bu barədə pediatr Şəbnəm Bağırova öz sosial media hesabında danışıb.
"Uşaqlarda gecə tərləməsinin əsas səbəbləri arasında otağın isti olması və qalın geyimlər, həddindən artıq isti yorğan və yataq dəstləri, qalın yuxu tulumu, yuxunun dərin mərhələsi, qızdırma və infeksiyalar, burun tutulması və yuxuda tənəffüs çətinliyi, adenoid (burun əti), eləcə də yuxudan əvvəl yemək qəbulu yer alır. Bəzi hallarda həkimə müraciət etmək lazımdır. Əgər tərləmə tez-tez təkrarlanırsa, uşağın paltarını və yatağını isladacaq qədər çoxdursa və ya çəki itkisi, uzunmüddətli qızdırma, halsızlıq, limfa düyünlərinin böyüməsi kimi əlamətlərlə müşayiət olunursa, pediatr müayinəsi vacibdir. Unutmayın ki, hər gecə tərləməsi xəstəlik demək deyil. Əsas məsələ səbəbi düzgün müəyyən etməkdir.".