Hörmətli cənab Prezident.
Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin, milli birlik və həmrəyliyinin, həmçinin əzmkarlığı və qətiyyətinin ən mühüm rəmzlərindən biri olan 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Sizin rəhbərliyiniz altında əldə edilmiş tarixi Qələbə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından daşıdığı əhəmiyyətlə yanaşı, türk dünyasının yaddaşında fəxr və heyranlıq doğuran müstəsna nailiyyətdir.
Türkiyə və Azərbaycan arasındakı ortaq tariximiz və ümumi dəyərlərimizlə daha da möhkəmlənən sarsılmaz qardaşlıq bağlarının “Bir millət, iki dövlət” konsepsiyası çərçivəsində daha da dərinləşəcəyinə və güclü əzmlə gələcək nəsillərə ötürüləcəyinə ürəkdən inanıram.
TEKFEN Holdinq olaraq 1995-ci ildən bəri – 31 ildir ki, Azərbaycanda fəaliyyət göstərməyimizdən və ölkənin inkişaf yolunun yaxından şahidi olmağımızdan qürur duyuruq. Mərhum Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ölkədə bərqərar edilmiş sabitlik və etimad mühiti, eləcə də reallaşdırılan strateji layihələr müstəqil Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi tərəqqinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu qətiyyətli və uzaqgörən yanaşma təkcə Azərbaycanın dayanıqlı inkişafını sürətləndirməmiş, həm də ölkənin həm regional, həm də beynəlxalq miqyasda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmişdir.
Hörmətli Prezident,
Zati-alilərinizin Türkiyə ilə Azərbaycan arasındakı misilsiz qardaşlıq münasibətlərini – "Dünyada bir-birinə Türkiyə və Azərbaycan qədər yaxın olan başqa iki ölkə yoxdur; biz həm yaxşı, həm də pis günlərdə bir-birimizin yanındayıq" sözləri ilə ifadə etdiyiniz şəkildə səciyyələndirməyiniz, iki xalqımız arasındakı sarsılmaz bağların ən güclü sübutudur.
Bu dərin qardaşlıq hissi Azərbaycanda fəaliyyət göstərdiyimiz 31 il ərzində bizim üçün əsas istiqamətverici prinsip olmuşdur. Biz hər zaman Azərbaycanın sevincini və qürurunu bölüşməyi, ölkənin nailiyyətlərini öz nailiyyətlərimiz kimi qəbul etməyi və ehtiyac yarandıqda qardaş Azərbaycanın yanında olmağı öz üzərimizə düşən bir məsuliyyət hesab etmişik. Bundan sonra da eyni dostluq, sadiqlik və həmrəylik ruhu ilə Azərbaycanın yanında olmağa davam edəcəyik.
Bu əlamətdar gün münasibətilə Vətən uğrunda canlarından keçmiş əziz şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla anıram. Həmçinin, Azərbaycanın sülh, sabitlik, inkişaf və rifah yolunda davamlı uğurlar qazanmasını arzulayıram.
Zati-alinizə möhkəm cansağlığı, firavanlıq və gələcək fəaliyyətinizdə uğurlar arzulayır, 8 Noyabr – Zəfər Günü münasibətilə qardaş Azərbaycan xalqına dərin hörmət və sevgilərimi bir daha ifadə edirəm.
Dərin hörmət və ehtiramla,
Levent Kafkaslı, “Tekfen Holdinq” şirkətinin İdarə Heyətinin sədri
Türkiyə Respublikası, İstanbul şəhəri