Möhtərəm cənab Prezident!

Azərbaycan-Yaponiya Dostluq Mərkəzi və Yaponiyada yaşayan azərbaycanlılar adından Sizi 8 Noyabr-Zəfər Gününün altıncı ildönümü münasibətilə ürəkdən təbrik edir, Sizə dərin ehtiramımızı və səmimi minnətdarlığımızı bildiririk.

2020-ci ildə Sizin qətiyyətli rəhbərliyiniz və Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Uzun illər işğal altında qalmış torpaqlarımız Ordumuzun müasir hərbi strategiya və taktikalardan məharətlə istifadə etməsi, əsgər və zabitlərimizin misilsiz şücaəti, xalqımızın birliyi və sarsılmaz iradəsi sayəsində azad edilmişdir.

Bu möhtəşəm Zəfərin ardınca ölkəmizin suverenliyinin tam bərpa olunması, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və soydaşlarımızın doğma yurdlarına qayıdışı hər bir azərbaycanlının qəlbində böyük qürur və ümid hissi doğurur. Bu tarixi nailiyyətlərdə Sizin uzaqgörən siyasətinizi və yorulmaz fəaliyyətinizi yüksək qiymətləndiririk.

Yaponiyada yaşayan azərbaycanlılar olaraq Vətənimizin inkişafını və beynəlxalq nüfuzunun yüksəlməsini sevinc və fəxarətlə izləyirik. Azərbaycan ilə Yaponiya arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, ölkəmizin mədəniyyətinin və haqlı mövqeyinin tanıdılmasına bundan sonra da töhfə verməyə hazırıq.

Bu əlamətdar gündə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və qəhrəman Ordumuza sonsuz minnətdarlığımızı bildiririk.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xalqımızın rifahı və dövlətimizin gələcəyi naminə şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Zəfər Günümüz mübarək!

Yaşasın müstəqil Azərbaycan!

Dərin hörmət və ehtiramla,

Xəlil Kələntər

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri,

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü,

Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvü,

Yaponiya, Tokio şəhəri.