ADNSU Vyetnamda keçirilən beynəlxalq təhsil sərgisində ölkəmizi təmsil edib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Vyetnam Sosialist Respublikasında keçirilən beynəlxalq təhsil sərgisində ölkəmizi təmsil edən yeganə ali təhsil müəssisəsi olub.

BMI və Times Higher Education (THE) şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgi oktyabrın 24–25-də Hanoy şəhərində, oktyabrın 27-də isə Ho Şi Min şəhərində baş tutub.

ADNSU-nu tədbirdə universitet rektorunun müşaviri Nəsibə Əmirbəyova və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Həbibə Nəzirova təmsil ediblər. Sərgi çərçivəsində universitet nümayəndələri abituriyentlər və onların valideynləri ilə görüşərək ADNSU-nun bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramları, qəbul şərtləri, beynəlxalq əməkdaşlıq imkanları və digər akademik məsələlər barədə məlumat veriblər. İştirakçıların sualları cavablandırılıb, universitetdə təhsil imkanları ilə bağlı onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, Qlobal Təhsil Sərgisi müxtəlif ölkələrin ali təhsil müəssisələrini Vyetnamlı gənclər və onların valideynləri ilə bir araya gətirərək beynəlxalq təhsil imkanlarının tanıdılmasına, universitetlərlə potensial tələbələr arasında birbaşa ünsiyyətin qurulmasına şərait yaradır.

Vyetnamın Beynəlxalq Təhsil İnkişafı Mərkəzinin (CIED) məlumatına görə, üç gün davam edən builki sərgidə 8 ölkədən 48 universitet və təhsil təşkilatı təmsil olunub, tədbir ümumilikdə 4100-ə yaxın şagird, tələbə və valideyni bir araya gətirib.