Türkiyədə məktəbdə həyəcanlı anlar: Polisi vurmaq istədi

Türkiyənin Malatya şəhərində məktəbə daxil olmaq istəyən azyaşlı qızın qadın polis əməkdaşına bıçaqla hücum etməyə cəhd göstərdiyi bildirilib.

Türkiyə mediasına istinadən, hadisə Malatyanın Battalgazi rayonunun Beydağı məhəlləsində yerləşən Yavuz Selim İbtidai və Orta Məktəbinin girişində baş verib.

Məlumata görə, məktəbə daxil olmaq istəyən azyaşlı qız girişdə növbətçilik edən qadın polis əməkdaşının müdaxiləsi ilə qarşılaşıb. Bundan sonra üzərindəki bıçağı çıxaran şübhəlinin polisə hücum etməyə çalışdığı iddia olunur.

Hadisə zamanı qadın polis əməkdaşı şübhəlini dayandırmaq məqsədilə havaya xəbərdarlıq atəşi açıb. Məktəbdə olan bir vətəndaşın da köməyi ilə qız zərərsizləşdirilib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı polis əməkdaşları cəlb edilib. Saxlanılan azyaşlının şəxsiyyətinin yoxlanılması zamanı onun axtarışda olduğu müəyyənləşib.

Silah səsinin eşidilməsi məktəbdə qısa müddətli təşvişə səbəb olub. Narahatlıq keçirən bəzi valideynlər övladlarını məktəbdən götürərək evlərinə aparıblar.

Saxlanılan şəxs polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.

İradə Elsevər

Fotolar3