Avropa Ermənistan hakimiyyətinin nəzarətsiz fəaliyyətinə susur - sabiq səfir

Avropa İttifaqının susqunluğu Ermənistan hakimiyyətinə nəzarətsiz fəaliyyət göstərməyə imkan verir.

Bunu Ermənistanın Niderland və İndoneziyadakı keçmiş səfiri Züniq Ağacanyan "Armenia Today"ə verdiyi müsahibədə bildirib.

“Onlar bu cür davranışlara sadəcə dözmür, çox vaxt öz qısamüddətli məqsədlərinə çatmaq naminə buna yaşıl işıq da yandırırlar”, – deyə o, bildirib.

Diplomatın sözlərinə görə, əvvəllər Avropa strukturları Ermənistanın beynəlxalq öhdəliklərinin hətta ən kiçik pozuntularına belə reaksiya verirdilər, lakin hazırda “tamamilə susurlar”.

Qeyd edək ki, bu açıqlama İrəvanda istintaq təcridxanasında saxlanılan 46 yaşlı iş adamı Arsen Gevorkyan vəfatı ilə bağlı verilib.

Məlumata görə, Arsen Gevorkyan müxalif “Güclü Ermənistan” Partiyasının (GEP) üzvü olub. O, Stepanavan şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, Gevorkyan bələdiyyə seçkiləri ərəfəsində saxlanılmış və istintaq təcridxanasına yerləşdirilmişdi.