ABŞ Dövlət Departamenti yüksəkvəzifəli amerikalı və çinli diplomatların Donald Tramp və Çin Sədri Si Cinpinin Rusiyanın da iştirak edəcəyi mümkün üçtərəfli görüşdə nüvə tərksilahı məsələsini müzakirə etmələri ehtimalını nəzərdən keçirdiklərini açıqlayıb.
Hər iki ölkənin yaydığı məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio və Çinin xarici işlər naziri Van Yi 18–19 noyabr tarixlərində Çinin texnologiya mərkəzi Şencendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində telefon danışığı aparıblar.
Üç ölkə rəsmilərinin də təsdiqlədiyi kimi Tramp, Si və Rusiya Prezidenti Vladimir Putin sammit çərçivəsində üçtərəfli görüş keçirə bilərlər.
ABŞ Dövlət Departamenti noyabrın 11-də verdiyi bəyanatda Rubio və Vanın "sülh və nüvə tərksilahı kimi hədəfləri irəli aparmaq naminə, Rusiyanın da yer ala biləcəyi mümkün üçtərəfli liderlər toplantısı da daxil olmaqla, liderlər səviyyəsində görüşlərin vacibliyi barədə razılığa gəldiklərini" qeyd edib.
Departament sözügedən telefon danışığının Pekinin tələbi ilə baş tutduğunu əlavə edib.
Tramp Si və Putin ilə nüvə tərksilahı məsələsini müzakirə etmək istədiyini bildirmişdi; lakin Pekin nüvə silahlarına nəzarət mövzusunun üçtərəfli gündəlikdə yer alıb-almayacağına dair hələlik təsdiq verməyib.
Nüvə silahlarına nəzarət məsələsi fikir ayrılığı nöqtəsi olaraq qalır
Vaşinqton daha əvvəl Moskva ilə bağlanmış ikitərəfli müqavilənin fevral ayında başa çatmasından sonra Çinin də nüvə silahlarına nəzarət sazişinə daxil olmasını istədiyini bəyan etmişdi.
Pekin isə həmin dövrdə öz nüvə potensialının Rusiya və ABŞ-nin potensialından fərqli miqyasda olduğunu əsas gətirərək tərksilah danışıqlarında iştirakdan imtina etmişdi.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Van Yi Rubionun diqqətinə çatdırıb ki, Çin "ABŞ ilə kommunikasiya və əməkdaşlığı gücləndirməkdə maraqlıdır".
Pekinin Vaşinqtonla aradakı fikir ayrılıqlarını və həssas məsələləri müvafiq şəkildə həll etməyə" hazır olduğunu ifadə edən Van Yi ikitərəfli münasibətlərdəki sabitliyin çətinliklərlə əldə edildiyini sözlərinə əlavə edib.
İki ölkə 2025-ci ilin əvvəllərində baş verən bir sıra gömrük rüsumu artımlarından sonra ötən il Cənubi Koreyada keçirilən APEC sammiti zamanı ticarət gərginliyini azaltmaq üçün razılığa gəlmişdi.
Tramp noyabrın 7-də verdiyi açıqlamada İrandakı müharibənin dayandırılmasını müzakirə etmək üçün Si və Putin ilə bir araya gələ biləcəyini bildirib.