Nisyə mal satışı ilə məşğul olan şirkət və fərdi sahibkarlar üçün yeni qaydalar noyabrın 10-dan qüvvəyə minib.
Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı qərara əsasən, banklar sahibkarların nisyə satışlarının ümumi məbləğini və alıcılarının sayını kredit bürolarına təqdim edilən məlumatlarla müqayisə edəcək.
Göstəricilər arasında uyğunluq 90 faizdən aşağı olarsa, həmin kredit qeyri-qənaətbəxş aktiv kimi qiymətləndiriləcək.
Yeni tələb sahibkarlar arasında narahatlıq yaradıb. Xüsusilə bölgələrdə nisyə satışların əsasən dəftər üzərində aparılması, elektron uçotun və hesabatlılığın olmaması qaydalara əməl etməyi çətinləşdirə bilər. Sahibkarlar hesab edirlər ki, bu dəyişiklik kredit əldə etmələrinə maneələr yarada, bankların faizləri artırmasına və ya kredit verməkdən imtina etməsinə səbəb ola bilər.
Ekspertlərin sözlərinə görə, qərarın əsas məqsədi maliyyə məlumatlarının şəffaflığını təmin etmək və kredit risklərini düzgün qiymətləndirməkdir. 100 min manatdan yuxarı nisyə satışı olan şirkət və fərdi sahibkarlar borclar barədə məlumatları kredit bürosuna təqdim etməlidirlər. Mütəxəssislər sahibkarlara satışların rəqəmsal uçotunu aparmağı, maliyyə hesabatlarını qanunvericiliyin tələblərinə uyğunlaşdırmağı tövsiyə edirlər.
Ətraflı "Xəzər TV"-nin videomaterialında: