Xərçəngə qarşı qeyri-adi üsul: Bu saqqız virusların 93 faizini zərərsizləşdirir

Alimlər insan papilloma virusunun (HPV) ağız boşluğunda yayılmasına və bəzi zərərli bakteriyaların miqdarına nəzarət etməyə kömək edə biləcək eksperimental saqqız hazırlayıblar. Laboratoriya sınaqlarında saqqız tüpürcək nümunələrində aşkar edilən virus hissəciklərinin 93 faizini, ağız yaxalama mayesində isə 80 faizini birləşdirərək tutub.

Pensilvaniya Universitetinin tədqiqatçılarının hazırladığı eksperimental saqqızla bağlı araşdırma “Scientific Reports” jurnalında dərc olunub.

Tədqiqatçılar ağız boşluğundakı mikroorqanizmlərə təsir göstərə bilən zülalların yerli tətbiqi üsulunu araşdırıblar. Davamlı HPV infeksiyası bəzi xərçəng növlərinin yaranmasına səbəb ola bilər. Həmçinin “Porphyromonas gingivalis” və “Fusobacterium nucleatum” bakteriyalarının yüksək miqdarı baş və boyun nahiyəsindəki şişlərin əlverişsiz nəticələri ilə əlaqələndirilir.

Virus əleyhinə saqqızın əsasını lablab paxlasından hazırlanan və “FRIL” adlı lektin zülalını ehtiva edən məhsul təşkil edir. Bu zülal virus hissəciklərinə bağlanaraq onları bir-birinə yapışdırır və qruplaşdırır.

Laboratoriya analizlərində bu üsul tüpürcək nümunələrində aşkar edilən HPV-nin 93 faizini, ağız yaxalama mayesində isə 80 faizini birləşdirib.

Daha sonra tədqiqatçılar saqqızın tərkibinə “protegrin-1” adlı antimikrob peptid əlavə ediblər. Alınan qarışığın nümunələrə birdəfəlik tətbiqi hədəf seçilmiş iki bakteriya növünün miqdarını 99 faizdən çox azaldıb. Bununla belə, araşdırılan streptokoklar da daxil olmaqla, bəzi digər bakteriyalar qorunub saxlanılıb.

Tədqiqat müəllifləri növbəti mərhələdə klinik sınaqların keçirilməsini təklif edirlər. Onların fikrincə, hazırlanan saqqız mövcud yanaşmalara əlavə vasitə kimi istifadə oluna və infeksiyalara nəzarətə kömək edə bilər.

Qeyd edək ki, əldə olunan nəticələr hələlik laboratoriya sınaqlarına əsaslanır. Saqqızın insanlarda HPV infeksiyasını və ya xərçəng riskini azaltdığı klinik olaraq təsdiqlənməyib.