Bakı, 12 noyabr, AZƏRTAC İstedadlı şagirdlərin bacarıqları vaxtında müəyyənləşdirilməli və onların inkişafı üçün uyğun tədris şəraiti yaradılmalıdır. Bu prosesdə müəllimlə yanaşı, valideynin də üzərinə mühüm məsuliyyət düşür. Uşaq evdə müntəzəm məşğul olmadıqda, dərsdə qazandığı bacarıqları möhkəmləndirməkdə çətinlik çəkir. Buna görə valideyn uşağın məşğələlərini izləməli və onu davamlı çalışmağa həvəsləndirməlidir.Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin müəllimi Azər Hacıbalayev deyib.O bildirib ki, balaban və kamançada ifaçılıq üçün musiqi duyumu, eşitmə qabiliyyəti və ritm hissi vacibdir. Uşaq musiqi məktəbinə qəbul edilərkən onun səsləri qavraması, ritmi hiss etməsi və öyrənməyə marağı nəzərə alınır. Bu xüsusiyyətlər ilkin mərhələdə musiqi təhsilinə uyğunlaşmağa kömək edir.“Tələbələrin qavrama sürəti fərqlidir. Biri müəllimin göstərdiyi hərəkəti bir neçə təkrardan sonra mənimsəyir, digəri isə eyni bacarığı qazanmaq üçün daha çox vaxta ehtiyac duyur. Müəllim bu fərqləri nəzərə almalı, hər bir şagirdə fərdi yanaşmalı və onun inkişafını öz imkanları çərçivəsində qiymətləndirməlidir”, - deyə A.Hacıbalayev əlavə edib.Onun sözlərinə görə, kamança ifaçılığında eşitmə qabiliyyəti səslərin təmizliyini, intonasiyanı, melodiyanın istiqamətini və musiqi ifadəsinin incəliklərini düzgün qavramağa imkan verir. Texniki çalışmalar, qamlar, melodiyaların təkrarı və musiqi nümunələrinin diqqətlə dinlənilməsi eşitmə və ritm duyumunun inkişafına kömək edir.Müəllim gənclərin milli musiqi konsertlərinə marağını artırmaq üçün onları bu sənətlə yaxından tanış etməyin vacibliyini vurğulayıb. Bu məqsədlə musiqi təhsili müəssisələrinin müəllim və tələbələrinin ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında və müxtəlif auditoriyalar qarşısında çıxışları təşkil oluna bilər. Canlı ifa dinləyiciyə musiqinin emosional təsirini daha yaxından hiss etməyə imkan verir. Müxbir – Günel Alıyeva Foto – Xanlar Əlizadə