Prezident İlham Əliyevin COP31-də iştirakı Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı rolunun davamlılığını göstərir – RƏY

Prezident İlham Əliyevin Türkiyənin Antalya şəhərində keçirilən COP31-in Liderlər Sammitində iştirakı Azərbaycanın beynəlxalq iqlim gündəliyində fəal mövqeyinin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu iştirak ölkəmizin qlobal iqlim müzakirələrində təmsil olunması ilə yanaşı, COP29-a ev sahibliyi dövründə əldə etdiyi təcrübənin beynəlxalq tərəfdaşlarla bölüşdürülməsi üçün də əhəmiyyətli imkan yaradır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq iqlim əməkdaşlığında rolunu daha da genişləndirdi:

“Bakı konfransı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim maliyyələşdirilməsi, enerji keçidi və ekoloji dayanıqlılıq məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrildi. Həmin tədbirdə əldə olunan razılaşmalar göstərdi ki, qlobal iqlim problemlərinin həlli yalnız ayrı-ayrı dövlətlərin fəaliyyəti ilə deyil, geniş beynəlxalq əməkdaşlıq və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə mümkündür.

Bu baxımdan Prezident İlham Əliyevin COP31-in Liderlər Sammitində iştirakı Azərbaycanın əvvəlki konfransda qazandığı təcrübənin davam etdirilməsi və beynəlxalq iqlim proseslərində fəal iştirakının qorunması kimi qiymətləndirilə bilər. Ölkəmiz artıq yalnız iqlim müzakirələrinin iştirakçısı deyil, həm də bu sahədə beynəlxalq dialoqun təşkilinə praktiki töhfə vermiş dövlətdir.

Antalyada keçirilən sammit zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın COP sədrliyi dövründə qazandığı təcrübənin bölüşülməsinə görə təşəkkürünü bildirməsi də diqqətəlayiq məqamdır. Bu, Azərbaycanın həyata keçirdiyi təşkilati və diplomatik fəaliyyətin beynəlxalq iqlim əməkdaşlığında nəzərə alındığını göstərir”.

A.Həsənova vurğulayıb ki, Azərbaycanın enerji siyasətində bərpaolunan enerji mənbələrinin inkişafı da xüsusi yer tutur:

“Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, enerji sisteminin şaxələndirilməsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi ölkənin uzunmüddətli iqtisadi və ekoloji prioritetləri ilə bağlıdır.

Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız ətraf mühitin qorunmasına deyil, həm də yeni investisiyaların cəlb edilməsinə, müasir texnologiyaların tətbiqinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına xidmət edə bilər. Bununla yanaşı, yaşıl enerji keçidinin uğuru üçün infrastrukturun inkişafı, maliyyə resurslarına çıxış və texnoloji əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

İqlim dəyişmələrinin təsirləri artıq dünyanın bir çox ölkələrində, o cümlədən Cənubi Qafqaz regionunda hiss olunur. Su ehtiyatlarının idarə edilməsi, kənd təsərrüfatının dəyişən iqlim şəraitinə uyğunlaşdırılması, torpaqların mühafizəsi və ekoloji təhlükəsizlik məsələləri gələcək inkişaf strategiyalarının mühüm tərkib hissəsidir. Buna görə də beynəlxalq iqlim platformalarında fəal iştirak Azərbaycanın milli maraqları baxımından da praktik əhəmiyyət daşıyır.

COP31-in əhəmiyyəti həm də ondan ibarətdir ki, burada müzakirə edilən məsələlər dövlətlərin qarşıdakı illər üçün iqtisadi və ekoloji siyasətlərinə təsir göstərə bilər. İqlim maliyyələşdirilməsi üzrə öhdəliklərin icrası, inkişaf etməkdə olan ölkələrə dəstək və yeni texnologiyaların əlçatanlığı kimi məsələlər bu prosesin əsas istiqamətlərindəndir.

Prezident İlham Əliyevin Liderlər Sammitində iştirakı Azərbaycanın həmin müzakirələrdən kənarda qalmadığını, beynəlxalq tərəfdaşlarla dialoqu davam etdirdiyini göstərir. COP29-dan sonra əldə olunmuş təcrübənin qorunması, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və iqlim gündəliyinin ölkənin iqtisadi inkişaf prioritetləri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Hesab edirəm ki, Azərbaycanın bu istiqamətdə fəaliyyətinin davam etdirilməsi həm beynəlxalq iqlim əməkdaşlığına töhfə vermək, həm də ölkəmizin dayanıqlı inkişaf məqsədlərinə nail olması baxımından mühüm imkanlar yaradır. Əsas məsələ beynəlxalq platformalarda aparılan müzakirələrin konkret layihələrə, investisiyalara və insanların həyat keyfiyyətinə müsbət təsir göstərən nəticələrə çevrilməsidir”.