Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərində vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində reintroduksiya tədbirləri həyata keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev BAKU.WS-ə bildirib ki, Şirvan Milli Parkından götürülmüş 10 baş ceyran Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisinə buraxılması üçün Naxçıvana göndərilərək aidiyyəti üzrə təhvil verilib.
Xidmət rəisinin sözlərinə görə, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından götürülmüş 4 baş bezoar keçisi isə İlisu Milli Parkına gətirilərək təbiətə buraxılıb.
Qeyd edək ki, tədbirlər "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində həyata keçirilib.