Avropa Şurası Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırdır - Alan Berse

Dublin. Trend:

Avropa Şurası müsbət nəticələrə töhfə verəcəyi təqdirdə, Cənubi Qafqazda sülh və sabitliyin əldə olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır.

Bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammiti çərçivəsində Trend-in sualını cavablandırarkən bildirib.

TRIPP layihəsini şərh edən Berse beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş istənilən səylərin və təşəbbüslərin dəstəyə layiq olduğunu qeyd edib.

“Bizim sülh və sabitliyə nail olmaq üçün göstərə biləcəyimiz istənilən yardım və dəstək müsbət addımdır. Bununla yanaşı, belə təşəbbüslər birbaşa təsirə məruz qalan ölkələrin əhalisi tərəfindən də qəbul edilməlidir”, – deyə o bildirib.

Berse vurğulayıb ki, Cənubi Qafqazın hər üç ölkəsi Avropa Şurasının tamhüquqlu və bərabərhüquqlu üzvləridir.

“Biz birlikdə işləyirik və müsbət nəticələrə gətirib çıxaracağı təqdirdə dəstək göstərməyə və yardım etməyə hər zaman hazırıq. Lakin həmin ölkələrin rəhbərliklərinin adından danışmaq və ya onların hər birində aparılan demokratik müzakirələri əvəz etmək mənim səlahiyyətimdə deyil”, – deyə Baş katib qeyd edib.

Onun sözlərinə görə, Avropa Şurası Cənubi Qafqazda vəziyyətin inkişafını diqqətlə izləyir.

“Biz Cənubi Qafqazda baş verənləri diqqətlə və maraqla izləyirik. Təsəvvür edə bilərsiniz ki, bu kontekstdə bizim də verə biləcəyimiz töhfə qanunun aliliyinin, demokratiyanın və insan hüquqlarının inkişaf etdirilməsidir”, – deyə Berse bildirib.