Bakı, 12 noyabr, AZƏRTAC Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun yaradıcılığı yalnız poetik sənətkarlıq və bədii-estetik dəyərlər baxımından deyil, həm də milli düşüncənin, azərbaycançılıq ideyalarının təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Şairin əsərlərində Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və milli-mənəvi dəyərləri aparıcı yer tutub. Lakin onun yaradıcılığının bu istiqaməti sovet dövründə birmənalı qarşılanmayıb. Bəzi əsərlərinin senzura səbəbindən nəşrlərə daxil edilməməsi, milli mövqeyinə görə təzyiqlərlə üzləşməsi və sağlığında işıq üzü görməyən şeirləri Səməd Vurğun irsinin hələ də araşdırılmalı səhifələrindəndir. AZƏRTAC tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoyla Səməd Vurğun yaradıcılığının az tanınan məqamları, şairin milli mövqeyi, sovet dövründə üzləşdiyi təqib və təzyiqlər, eləcə də ədəbi irsinin müasir əhəmiyyəti barədə həmsöhbət olub.– Səməd Vurğunun yaradıcılığında azərbaycançılıq ideyası hansı istiqamətlərdə özünü göstərir? Şairin milli düşüncəsinin formalaşmasında Azərbaycan tarixi, dili və milli-mənəvi dəyərləri hansı yer tuturdu?– Səməd Vurğun yaradıcılığının təməl qaynaqlarından biri azərbaycançılıq olub. Azərbaycan xalqının tarixi, milli-mənəvi dəyərlərinin təbliği onun əksər əsərlərində aparıcı xətti təşkil edib. Bu ədəbi fakt heç vaxt inkar olunmayıb. Lakin 1930-1940-cı illərdə, yəni sovet dövründə bu faktdan Səməd Vurğuna qarşı mübarizədə də istifadə ediblər.– Şairin milli düşüncəsinin sovet dövrünün ideoloji tələbləri ilə ziddiyyət təşkil etdiyi məqamlar vardımı? Onun milli mövqeyinə münasibət necə idi?– Səməd Vurğun üçün repressiyalar nə 1937-ci ildə başlayıb, nə də həmin il bitib. Ona qarşı təqib və təzyiqlər müxtəlif dövrlərdə davam edib. Hətta 1937-ci ildə şair NKVD-yə aparılıb və bir müddət saxlanılıb.Qardaşı Mehdixan Vəkilovun xatirələrində bu barədə maraqlı məlumat var. O yazır ki, həmin ilin payızında Səməd Vurğunu NKVD-yə aparıb-gətirirmişlər. Şair bir gün günortadan sonra NKVD-yə gedib, səhər geri qayıdıb. Qayıdandan sonra ona belə deyib: “Onlar mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar. Başa düşə bilmirlər ki, bu şeir mənim həyatımın və bütün yaradıcılığımın mənası, rəmzidir. Mən bütün insanlara, bütün xalqlara və millətlərə səadət arzulayıram və bu yolda çalışıram. Lakin bununla bərabər, məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır, ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili və şeiri mənim vicdan səsimdir. O, mənim doğma anamdır. Əgər buna görə məni millətçi etmək istəyirlərsə, qoy etsinlər. Bir gün gələr, tarix həqiqəti açar”.Bu sözlər şairin milli mövqeyini və Azərbaycanla bağlı düşüncələrinin onun yaradıcılığında tutduğu yeri aydın göstərir.– Səməd Vurğunun əsərlərində Azərbaycan xalqının tarixi, milli kimliyi və tarixi yaddaşı necə əks olunub? Bəzi əsərlərinin nəşrdən kənarda qalması bu baxımdan nə ilə əlaqədar idi?– Azərbaycançılıq Səməd Vurğunun yalnız “Azərbaycan” şeirində deyil, demək olar ki, bütün yaradıcılığında öz əksini tapıb. Məsələn, onun 1935-ci ildə yazdığı “Aslan qayası” poeması bu baxımdan xüsusi diqqət çəkir.Poemanın Səməd Vurğunun sağlığında çap olunmayan, sonradan da uzun müddət nəşrlərə daxil edilməyən bir hissəsi var. Bu, təxminən 60 misradan ibarət parçadır. Düzdür, bəziləri bu fikirlərin çar Rusiyası dövrünə aid olduğunu deyə bilər. Lakin Səməd Vurğunun sovet dövründə də milli dil və mədəniyyət məsələlərini açıq şəkildə gündəmə gətirdiyi çıxışları var. Məsələn, yazır:“O gündən titrədi yurdun üstündəCüt başlı qartalın qanlı bayrağı.Tarixin doğduğu o qara gündəBöyük bir ölkənin söndü çırağı.O gündən göründü sarı poqonlar...Şair burada, eləcə də sonrakı misralarda Füzuliyə, neft sərvətlərinin Rusiyaya daşınmasına və digər məsələlərə toxunaraq Azərbaycanın işğalının müxtəlif nəticələrini əks etdirir. Həmin parça əsərin əlyazmasında mövcuddur. Lakin poemanın bu hissəsinin 1938-ci il nəşrinə daxil edilməsinə senzura icazə verməyib.Bu nümunə göstərir ki, Səməd Vurğun Azərbaycanın tarixi taleyinə, milli kimliyinə və dil məsələsinə biganə qalmayıb. O, bu mövzuları yalnız sonrakı dövrlərdə deyil, sovet hakimiyyətinin ilk illərində də yaradıcılığının əsas istiqamətlərindən biri kimi təqdim edib.– Şairin ana dilinin, milli musiqinin və mədəniyyətin qorunması ilə bağlı mövqeyi azərbaycançılıq ideyasının hansı cəhətlərini ifadə edirdi?– Bu məsələdə Səməd Vurğunun 1942-ci ildə muğamlarımızla bağlı keçirilən müşavirədəki çıxışını xüsusi qeyd etmək lazımdır. O, həmin tədbirdə muğamlarımızın tarixinə dair maraqlı faktlar gətirir, dövrün muğam ifaçılarına yüksək dəyər verir. Eyni zamanda, milli musiqiyə münasibətlə bağlı prinsipial mövqeyini ortaya qoyur.Şair deyir: “Mən bilmirəm, belə vəziyyət necə yaranmışdır ki, bizim gənclik Avropa musiqisinə meyil edib özünün milli musiqisinə barmaqarası baxsın. Əgər doğrudan da belədirsə, mən buna xalq qarşısında xəyanət deyə bilərəm. Bu, düzgün hərəkət deyil. Çünki Avropa Avropadır, Şərq Şərqdir, Azərbaycan da Azərbaycandır”.Səməd Vurğun bununla kifayətlənmir, musiqi məktəblərində Azərbaycan dilinin mövqeyi məsələsini də gündəmə gətirir. O bildirir: “Biz musiqi məktəblərində nəinki Azərbaycan şöbəsi açmalıyıq, hətta musiqi məktəblərinin bütün işlərinin 90 faizini Azərbaycan dilində aparmalıyıq. Əgər onun adı Azərbaycan musiqi məktəbidirsə, orda da Azərbaycan dili hakim olmalıdır...”.Bu çıxış 1942-ci ildə, artıq sovet hakimiyyəti illərində səsləndirilib. Şairin fikirləri onun milli musiqinin və Azərbaycan dilinin qorunmasına verdiyi əhəmiyyəti aydın göstərir. O, Azərbaycan dilini xalqın qeyrəti, namusu adlandırırdı. Deməli, Səməd Vurğunun milli mövqeyi yalnız bədii yaradıcılığında deyil, ictimai fəaliyyətində də ardıcıl şəkildə özünü göstərirdi.– Səməd Vurğunun yaradıcılığında Azərbaycan coğrafiyası, təbiəti və tarixi məkanları hansı milli-mənəvi məna daşıyır?– Səməd Vurğunun 1934-1935-ci illərdə qələmə aldığı “Azərbaycan” adlı tarixi poeması da var. Şairin həmin dövrdə yazdığı yeddi şeir və doqquz poemanın əksəriyyəti Azərbaycan xalqının tarixinə həsr olunub. “Azərbaycan” şeirinin ilk variantı isə “Şairin türküsü” adlanıb. Səməd Vurğun bu əsəri həmin adla qələmə alıb və onun ilk variantı 10 bənddən ibarət olub.Hamının əzbər bildiyi bəndlərdən biri belədir:“Çox keçmişəm bu dağlardan,Durna gözlü bulaqlardan,Eşitmişəm uzaqlardanTerekleri, Arazları,Sınamışam dostu-yarı”.Burada Terek çayının adının Arazla yanaşı çəkilməsi diqqətəlayiqdir. Bu paraleli şairin Azərbaycan xalqının tarixi coğrafiyasına, şimal və cənub istiqamətlərindəki tarixi əlaqələrinə işarəsi kimi şərh etmək mümkündür. Səməd Vurğun coğrafi obrazlardan istifadə etməklə xalqın tarixi yaddaşını poeziya vasitəsilə yaşatmağa çalışırdı.Ümumiyyətlə, Azərbaycan təbiəti onun əsərlərində yalnız mənzərə elementi deyil, həm də milli-mənəvi dəyərləri daşıyan bədii obraz kimi çıxış edir.– Şairin çap olunmayan əsərləri və şəxsi qeydləri onun yaşadığı dövrün ictimai-siyasi mühitini, eləcə də milli mövqeyini öyrənmək baxımından nə dərəcədə əhəmiyyətlidir?– Səməd Vurğunun 1937-ci ildə həbs edilməsi barədə məlumatlar arxiv sənədlərinə əsaslanan tədqiqatlarda da əksini tapıb. Cəlal Qasımovun “Repressiyadan deportasiyaya” adlı kitabı var. Müəllif əsəri Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv materialları əsasında hazırlayıb. Kitabda Səməd Vurğunun həbsi ilə bağlı sənədlərin nömrələri və digər məlumatlar göstərilir.Bu faktı təsdiqləyən digər nəşr Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” adlı kitabıdır. Həmin əsərdə də arxiv sənədlərinə istinadla Səməd Vurğunun həbsi barədə məlumat verilir.Şair qısa müddətə saxlanılsa da, ona qarşı təqib və təzyiqlər sonrakı illərdə də, hətta vəfatına qədər davam edib. Bu təzyiqlərin izləri onun yaradıcılığında da öz əksini tapıb.Ümumilikdə, Səməd Vurğunun 350-yə yaxın tamamlanmış şeiri var. Təxminən 100 şeiri sağlığında işıq üzü görməyib. Onların bir qismi məhz şairin təqib və təzyiqlərlə üzləşdiyi dövrdə qələmə aldığı, lakin çap etdirə bilmədiyi əsərlərdir.Səməd Vurğunun sıxışdırıldığı dövrdə qələmə aldığı, lakin çap etdirə bilmədiyi əsərlərdən biri “Böhtan” şeiridir. Şair həmin əsərdə yazır:“Mənmiyəm məsləki, vicdanı satan,Çəkilsin qapımdan bu qara böhtan.Mən ellər bağında azad bir quşam,Bir az da vaxtından tez doğulmuşam.İndi bu böhtanlar mənə dar gəlir,Saçlarım ağarır, ömrüm gödəlir”.Onun “Ah, paxıllar” adlı başqa bir şeirində də şairə qarşı yönələn münasibət, paxıllıq və mənəvi təzyiqlər ifadə olunub:“Biri gedir, biri gəlir paxılların bu dünyada,Bir iblisdir ilan başlı, balıq qanlı bu insanlar...Bir şairin yalnız ömrü tor içində gedib bada...Bu misralar şairin şəxsi yaşantılarını, qarşılaşdığı münasibəti və mənəvi sarsıntılarını əks etdirir. Onun bəzi əsərlərində isə bu mənəvi sarsıntılarla yanaşı, vaxtsız ölüm təhlükəsi, həyatının təbii axarından əvvəl sona çata biləcəyi narahatlığı da hiss olunur. Belə şeirlərin sayı az deyil. Satirik əsərlərini də nəzərə alsaq, bu mövzuda yazdığı şeirlərin sayı, bəlkə də, 50-yə yaxın olar.Səməd Vurğunun “Ala gözlər” şeiri də bu baxımdan maraqlıdır. Əsər belə başlayır:“Yenə qılıncını çəkdi üstümə,Qurbanı olduğum o ala gözlər”.İlk baxışda şair burada məhəbbətdən bəhs edir. Lakin şeirin sonuncu bəndindəki “Dünən dövran sürən, bu gün can verir, Siz məni saldınız bu hala, gözlər” misraları artıq fərqli məna çalarları yaradır. Burada şairin çəkdiyi əzabları, üzləşdiyi təqib və təzyiqləri də görmək mümkündür.Bununla belə, hər bir şeiri yalnız şairin repressiya dövründə yaşadığı hadisələrlə əlaqələndirmək düzgün olmazdı. Əsərləri dövrün ictimai-siyasi şəraiti, bədii məzmunu və şairin şəxsi yaşantıları ilə birlikdə təhlil etmək lazımdır.Səməd Vurğunun yaradıcılığında ölüm mövzusuna toxunduğu nümunələrdən biri “Qürbət eldə” şeiridir. Həmin əsərdə şair yazır:“Vaxtsız əcəl, məndən uzaq dolan, dur...Qürbət eldə can vermərəm ölümə!Qılıncını məndən uzaq dolandır,Onu bil ki, qələm aldım əlimə,Qürbət eldə can vermərəm ölümə!..”Bu şeirdə şair qürbətdə, xəstə olduğu bir vaxtda ölümün onu haqlamasını istəmədiyini ifadə edir. Burada söhbət təbii ölümdən, yaşlanma nəticəsində baş verə biləcək əcəldən gedir. Digər əsərlərində isə ölümə münasibəti fərqli çalarlarla təqdim olunur. Məsələn, “Məni yelkən kimi qərq etsə də dəryaya zaman” misrasında, eləcə də “Dağlar” şeirində bu hisslərə rast gəlirik.Ümumiyyətlə, Səməd Vurğunun yaradıcılığında təbii ölümdən, yaşlanma nəticəsində baş verən ölümdən bəhs edən nümunələr azdır. Şairin bəzi əsərlərində isə daha çox vaxtsız ölüm, öldürülmək təhlükəsi hiss olunur. Başqa sözlə, o, əcəlinin təbii yaşlanma ilə nəticələnməyə biləcəyini, həyatının vaxtından əvvəl sona çata biləcəyini ifadə edir.– Səməd Vurğunun yaratdığı ədəbi məktəb Azərbaycan milli ədəbi düşüncəsinin və ədəbi ənənələrin inkişafına necə təsir göstərib?– Ədəbiyyatın qarşısında duran vəzifələri müəyyənləşdirən amillərdən biri də yaşanılan dövrdür. Dövr və zaman ədəbiyyatın qarşısında hansı vəzifələri qoyurdusa, ədəbiyyat da həmin çərçivədə fəaliyyət göstərməli olurdu. Bu çərçivədən kənara çıxanlar isə cəzalandırılırdı. Səməd Vurğun da belə təzyiqlərə məruz qalan sənətkarlardan biri idi. Hüseyn Cavid və Əhməd Cavad kimi, onun da təqib olunması ilə bağlı faktlar mövcuddur.Məsələn, həmin dövrdə məsul vəzifələrdə çalışmış tanınmış teatrşünas Cəfər Cəfərovun bu barədə məktubu var. O, məktubunda yazır ki, Səməd Vurğunun “Şairin hüquqları” məqaləsi çap olunduqdan sonra Mir Cəfər Bağırov onu yanına çağıraraq şairin əleyhinə, işdən çıxarılmasına nail olmaq məqsədilə məqalələr yazılmasını tapşırıb. Cəfər Cəfərov bu barədə açıq şəkildə yazır, həmin məqalələrdən birini özünün hazırladığını, digərlərini isə kimin yazdığını da açıqlayır.Amma bütün bu çətinliklərə baxmayaraq, Səməd Vurğun öz ədəbi məktəbini yaradıb. Həmin ədəbi məktəbin nümayəndələri arasında Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza, Hüseyn Kürdoğlu və Qabil kimi Azərbaycan poeziyasının istedadlı simaları var. Onlar Səməd Vurğun ədəbi məktəbinin nümayəndəsi olmaqdan qürur və fəxarət duyub, onu özlərinə ustad hesab ediblər.Bundan əlavə, onun övladları Yusif Səmədoğlu və Vaqif Səmədoğlu da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri kimi tanınıblar. Onlardan biri xalq yazıçısı, digəri isə xalq şairidir. Hər ikisi ədəbiyyatımıza mühüm töhfələr verib. Eyni zamanda, onlar Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan, müstəqilliyimizin əldə olunmasında xüsusi xidmətləri olan şəxsiyyətlərdəndirlər.– Səməd Vurğun irsinin müasir dövrdə, xüsusilə gənc nəslin milli düşüncə və azərbaycançılıq ruhunda formalaşmasında əhəmiyyətini nədə görürsünüz?– Hesab edirəm ki, Səməd Vurğun yaradıcılığının aktuallığı, ilk növbədə, onun poeziya vasitəsilə təbliğ etdiyi azərbaycançılıq ideyaları ilə bağlıdır. Bu ideologiya bu gün də geniş yayılıb və dövlətçiliyimizin təməl prinsiplərindən birini təşkil edir. Həmin ideyaların yaşadılmasında Səməd Vurğun yaradıcılığının mühüm rolu var.Şair mürəkkəb, ziddiyyətli, qorxulu və vahiməli bir dövrdə yaşamasına baxmayaraq, öz mövqeyini və ədəbi məktəbini formalaşdırmağı bacarıb. Onun yaradıcılığında milli tarixə, ana dilinə, musiqiyə, təbiətə və xalqın mənəvi dəyərlərinə bağlılıq mühüm yer tutur.Səməd Vurğun Azərbaycan ədəbiyyatına həm zəngin yaradıcılığı, həm yaratdığı ədəbi məktəb, həm də formalaşdırdığı ədəbi ənənə ilə böyük töhfələr verib. Onun irsinin öyrənilməsi yalnız keçmiş ədəbi proseslərin araşdırılması deyil, həm də milli düşüncənin və ədəbi yaddaşın qorunması baxımından əhəmiyyətlidir. Müəllif – Lalə Minasazova