Pekin, 12 noyabr, AZƏRTAC Çin bəzi Avropa İttifaqı ölkələrinin Çin şirkətlərinə məxsus avadanlıqlara qadağa qoymaq addımları ilə bağlı ciddi narahatlığını ifadə edib.AZƏRTAC xəbər verir ki, Çinin narahatlığını Kommersiya Nazirliyinin sözçüsü He Yadon ənənəvi mətbuat konfransında bildirib. Qeyd edib ki, Çin texnoloji məsələlərin siyasiləşdirilməsinə və “milli təhlükəsizlik” anlayışının həddindən artıq genişləndirilməsinə qəti şəkildə qarşıdır. “Çin daim 5G texnologiyasının qlobal rəqəmsal iqtisadiyyatın inkişafı üçün vacib infrastruktur olduğunu, onun qurulması və istismarının bazar prinsiplərinə, texnoloji neytrallığa və beynəlxalq qaydalara uyğun aparılmalı olduğunu bəyan edib”, - deyə nazirliyin rəsmisi vurğulayıb.He Yadon əlavə edib ki, Çin müvafiq ölkələrin öz səhv təcrübələrini tez bir zamanda düzəldəcəyinə və Çin şirkətləri üçün ədalətli, düzgün və ayrı-seçkilikdən uzaq biznes mühiti təmin edəcəyinə ümid edir. Şahin Cəfərov AZƏRTAC-ın xüsusi müxbiri Pekin