Bakı, 12 noyabr, AZƏRTAC 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını müəyyənləşdirib, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini yaradıb. Əsas Qanunun hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin təmin olunması və dövlət quruculuğu prosesinin yeni mərhələyə qədəm qoyması ilə sıx bağlıdır.Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Həsənov deyib.“Sovet hakimiyyəti dövründə Azərbaycanda bir neçə dəfə konstitusiya qəbul edilib. 1921, 1925, 1937 və nəhayət, 1978-ci illərdə qəbul olunan konstitusiyalar sovet dövlət quruluşunun hüquqi əsaslarını müəyyənləşdirib. Bununla belə, 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusunu təsbit edən maddənin daxil edilməsi xüsusi əhəmiyyət daşıyıb. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə bu müddəanın əsas qanunda əksini tapması sovetləşmə prosesinin davam etdiyi bir dövrdə milli özünüdərk baxımından mühüm tarixi hadisə idi”, - deyə o qeyd edib. Politoloqun sözlərinə görə, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkədə yaranan mürəkkəb siyasi vəziyyət yeni Konstitusiyanın qəbulunu gecikdirib. Həmin dövrdə hakimiyyətdə olan Müsavat və AXC rəhbərliyinin fəaliyyəti nəticəsində ölkədə anarxiya hökm sürüb, siyasi sabitlik təmin olunmayıb, torpaqlarımızın işğalı davam edib. Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə ölkədəki vəziyyəti sabitləşdirməyə nail olub. Bundan sonra müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması zərurəti gündəmə gəlib. Bu məqsədlə Heydər Əliyevin sədrliyi ilə xüsusi Konstitusiya Komissiyası yaradılıb və əsas qanunun layihəsi üzərində işə başlanılıb. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib. Həmin gün seçicilərin referendumda fəal iştirak etdiyini deyən politoloq bildirib ki, səsvermədə seçicilərin 86 faizi iştirak edib və onların böyük əksəriyyəti Konstitusiyanın qəbul edilməsinə səs verib. Əsas Qanun 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Prezident Heydər Əliyevin 1996-cı il fevralın 6-da imzaladığı Sərəncamla noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü elan edilib.“Artıq Konstitusiya Günü Azərbaycanın suverenliyinin bərpa edildiyi bütün ərazilərdə qeyd olunur. Bu, dövlət müstəqilliyimizin və milli suverenliyimizin bütövlüyünü ifadə edən mühüm rəmzi məna daşıyır. Konstitusiyanın qəbul edilməsi və sonrakı illərdə ona edilən dəyişikliklər dövlət quruculuğu baxımından mühüm mərhələlərdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq xalqın səsverməsi əsasında qəbul edilən 1995-ci il Konstitusiyası bu gün də Azərbaycanın inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasında mühüm rol oynayır”, - deyə Elşad Həsənov bildirib.