AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir Bakı, 12 noyabr, AZƏRTACLayihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.AZƏRTAC silsilə yazıların növbəti hissəsində Səməd Vurğunun dostu, Xalq yazıçısı Əli Vəliyevin xatirələrini təqdim edir. O, şairlə aralarında baş verən maraqlı hadisələrdən, dostluq münasibətlərindən danışıb.“Rayonlarda məsul vəzifələrdə olduğum zaman görmüşdüm ki, vəzifəcə kiçiklər özlərindən böyüklərin yanına gedəndə gördüyü işlər barəsində məlumat verir, göstəriş alıb qayıdır, mən Yazıçılar İttifaqında işlədiyim vaxt bu qaydanı əsas götürmüşdüm. Bir gün Səməd Vurğun işə gələn kimi bəzi kağızları, qərar layihələrini, qeydlərimi qoltuğun arasına qoyub, məsul katibin qəbuluna getdim. Salamlaşıb əyləşdim. Kəmali-səliqə ilə gördüyüm işlərdən danışdım. Qərar layihələri barədə fikirlərimi söylədim. Bəzi qeydlər barədə izahat verdim.Səməd Vurğun ağ bir, qara iki danışmadı. Ayağa durub divardan asılmış plaşını geyinmədən, başıaçıq çıxıb getdi.Özümü təhqir olunmuş sayıb qanıqara halda geri qayıtdım. Fikri-fikrə calayıb özüm-özümdən soruşdum. Yəqin nə isə qəbahət işləmişəm. Mənimlə danışmaq istəmir. Yaxşısı budur, üzüsulu ərizə verib işdən çıxım.Səməd Vurğun bütün günü görünmədi. İstədim Seyfulla Şamilova şikayət eləyəm. Üzümdən gəlmədi. Nəhayət, işi qurtarıb, müvəqqəti olaraq evlərində qaldığım əmizadəmin yanına getdim.Səhərisi gün Səməd Vurğun işə vaxtında gəldi. Kef-kök idi. Katibini göndərib məni yanına çağırdı. Getmədim.Bərkdən çağırdı. Könülsüz addımlarla içəri girib, salamsız halda dayandım.-Niyə mısmırığını sallamısan?Dinmədim.-Qaşqabağın yer süpürür, Allah xeyir eləsin.- Allahın bura dəxli yoxdur.O, ciddiləşib dedi:- Otur görək nə olub? Xeyirdimi?Mən qəti ahənglə cavab verdim:-Xeyir deyil, təhqir olunmuşam.O, özünə məxsus şivə ilə danışdı.-Ayə, hansı xalası göyçək səni təhqir eləyə bilər?- Məni təhqir eləyən sənsən.-Bircə bu qalmışdı ki, yaxın dostum mənə şər atsın.-Şər niyə olur. Dünənki hərəkətlərin yadındadırmı?-Hansı hərəkətlərim?-Yanına gəldim. Danışdım. Kağızları göstərdim. Fikirlərini bilmək istəyirdim. Dinməz-söyləməz yerindən qalxıb başıaçıq, plaşı geyinmədən çıxıb getdin. Bu hərəkət təhqir deyil, nədir?Səməd Vurğun gülümsündü.-Ayə, indicə yadıma düşdü. Dünən nə isə üyüdüb-tökürdün…Əsəbiləşdim.-Xeyr, yoldaş Səməd Vurğun! Mən dəyirman deyiləm, üyüdüb-tökəm. Mən Yazıçılar İttifaqının təşkilat üzrə katibi kimi, İttifaqın məsul katibinə gördüyüm işlər barədə məlumat verib, göstəriş almaq üçün danışdım.Səməd Vurğunun cazibədar siması o qədər gözəlləşdi ki, gözümü ondan çəkmədim. O, gülüşünü şirinləşdirib dedi:-Alı Qara oğlu, dünən mən “Vaqif” əsərində Əlibəyin ov səhnəsi barədə düşünürdüm. Nə danışdığın yadımda deyil…Aradan bir neçə gün keçdi. Söhbət əsnasında “Qarlı dağlar” hekayəmdəki dörd misralıq şeirimi dedim:Yaz ola, dovğa ola – yarpızınan.Yay ola, sərin sular – sal buzunan.Payız ola, pendir-çörək – qarpızınan.Qış ola, isti otaq – bir qızınan.Şeir Səmədi tutdu, gülə-gülə dedi:-Bunlar oldu qağanın malı. Daha nəyin var?Mən bir bayatı da dedim:Qərənfiləm qələmsiz,Qərarım yoxdur sənsiz.Yorğanına od düşsün,Necə yatırsan mənsiz?Şeiri və bayatını “Vaqif” pyesinə salanda zarafatla dedim:-Eşidənlər buna nə ad qoyacaqlar?-Hər halda, hamının ürəyindən xəbər verən misraları Ali Qara oğlunun yazdığına inanmayacaqlar. Səməd Vurğuna dəfələrlə sağ ol deyəcəklər. İnanmırsan, bu sözlərimi yoxlarsan.Səməd Vurğun xəstə idi. Azarı hər gün artırdı. Böyük qardaşı mərhum Mehdixanla bir otaqda qalırdı.İstisu kurortunun iki nömrəli sanatoriyasının üçüncü mərtəbəsində yan-yana mənzillərdə olurduq. Səməd və Mehdixan İstisuyun gözündən su içməyə getmirdilər. Mən gündə üç dəfə suyun gözündən içir, termosu doldurub onlara da gətirirdim.Kəlbəcər kəndlərindən, tərəkəmə obalarından, Göyçə mahalından hər gün Səməd Vurğunun görüşünə gəlirdilər. O gün olmazdı ki, Səməd Vurğunu beş-altı yerə qonaq çağırmasınlar. Orasını da qeyd etməliyəm ki, ağır xəstə olmasına baxmayaraq, heç kimin xahişini yerə salmır, çağırılan yerlərə gedir, bizi də özü ilə bərabər aparır, həm də ciyərimizə dağ çəkirdi. Hazırlanmış yeməklərdən, cürəbəcürə xörəklərdən dilinə vurmur, ancaq papiros sümürürdü”. Ardı var... Əvvəlki materialı oxu Müxbir – Günel Alıyeva
Əli Vəliyevin şeiri və bayatısı Səməd Vurğunun “Vaqif” pyesinə necə düşüb?
Mənbə: azertag.az/xeber/eli_valiyevin_seiri_ve_bayatisi_semed_vurgunun_vaqif_pyesine_nece_dusub-4506486