Bakı, 12 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Konstitusiya Günü - 12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq-azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiva edir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O vurğulayıb ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoyub. Bu mühüm hadisə Azərbaycan xalqının öz dövlətinin gələcəyini müəyyənləşdirməsi, milli maraqlarını qorumaq və hüquqi dövlət quruculuğunu təmin etmək istiqamətində atdığı tarixi addım kimi xüsusi əhəmiyyət daşıyır. Deputat 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu istiqamətində mühüm tədbirlərin həyata keçirilməyə başlandığını xatırladıb. Qeyd edib ki, həmin dövrdə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin yaradılması, milli maraqların qorunması və hüquqi islahatların aparılması yeni Konstitusiyanın hazırlanması üçün zəruri şərait formalaşdırdı. Nəticə etibarilə, 1995-ci ildə iyunun 2-də Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı və həmin komissiyaya Heydər Əliyev rəhbərlik etdi. Konstitusiya layihəsinin hazırlanması zamanı beynəlxalq hüququn ümumtanınmış prinsipləri, demokratik dövlətçilik təcrübəsi, insan hüquqlarının müdafiəsi mexanizmləri və Azərbaycan xalqının tarixi dövlətçilik ənənələri nəzərə alındı. Geniş müzakirələrdən sonra hazırlanan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna çıxarıldı və xalqın iradəsi ilə qəbul edildi. “Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması fundamental konstitusion məqsədlər kimi təsbit edilib. Ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması dövlətin əsas vəzifələrindən biri olmaqla, milli təhlükəsizliyin, sabitliyin və gələcək inkişafın hüquqi təminatıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatlarından sonra ölkənin bütün ərazilərində dövlət suverenliyinin bərpa olunması müasir Azərbaycan tarixinin mühüm hadisələridir. Bu yeni reallıqlar şəraitində Konstitusiyanın dövlət suverenliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, qanunun aliliyinin bütün ölkə ərazisində tətbiqi və dövlət institutlarının fəaliyyətinin təşkili baxımından əhəmiyyəti daha da aktuallaşıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yaradılması, iqtisadi və sosial həyatın bərpası da müstəqil dövlətin konstitusion əsasları çərçivəsində həyata keçirilir. Bu baxımdan, Konstitusiya yalnız dövlətin hüquqi idarəçilik sənədi deyil, həm də ölkənin suveren inkişafının və gələcək nəsillər üçün davamlı dövlətçilik ənənələrinin təminatıdır”, - deyə deputat bildirib.Pərvanə Vəliyeva sonda əlavə edib ki, Konstitusiya Günü müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, xalqın dövlətçilik iradəsini və Konstitusiyanın cəmiyyətin həyatındakı əhəmiyyətini bir daha xatırladır.